Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis idarəsində intihara cəhd edib.
Cavid Əliyev Nərimanov RPİ-də qolunu kəsərək, intihara cəhd göstərib. Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Məsələyə aydınlıq gətirmək üçün xalq artisti Nazpəri Dostəliyeva ilə əlaqə saxladıq.
Yeniçag.az-a açıqlama verən N. Dostəliyeva bu barədə ümumiyyətlə danışmaq istəmədiyini desə də, məsələyə belə aydınlıq gətirib:
“Bu istintaq sirridir, mənə danışmaq qadağan olunub. Buna görə susuram. Hadisəni törədənlər tapılıb. Onun özünü doğraması ilə bağlı xəbərdən məlumatsızam. Anlamadım, o polis idarəsində özünü necə doğrayıb, kəsici aləti hardan tapıb? Özünü niyə doğrayır, məndən oğurladıqlarını gətirib özümə qaytarsın. Apardıqlarını bircə-bircə qaytaracaq”.
Xatırladaq ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq, içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.
Hadisənin Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü — Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov saxlanılıb.
Cəvahir