NBC Bank-ın vətəndaşa görünməmiş tələsi: “borcun yoxdur” deyib arayış verdilər və…

156086_res_01Azərbaycanda bankların müştərilərinə qarşı ən müxtəlif formalarda fırıldaq gəlməsinə dair hadisələri vaxtaşırı olaraq eşitmək olar. Ancaq qazanc dalınca Rusiyaya gedən Azərbaycan vətəndaşı, hazırda Bakının Sulutəpə qəsəbəsində yaşayan Məmmədov Rəhman Barat oğlunun başına gələn əhvalatın analoqunu çətin ki, indiyədək kimsə eşitmişdi…

Redaksiyamıza müraciət edən Rəhman Məmmədov deyir ki, 2012-ci il mart ayında NBC Bank-ın krediti ilə “Nurgün Motors” şirkətindən 110 min dollara “Nissan Patrul” avtomobili alıb. Avtomobili almaq üçün NBC Bankın Yasamal rayon filialına ilkin ödəniş kimi 30 min dollar ödəyib və sonrakı bir il ərzində əlavə olaraq banka 40 min dollar ödəniş edib.

R.Məmmədovun dediyinə görə, maşını alandan təxminən iki ildən sonra, 2014-cü ildə qardaşının faciəli ölümündən sarsılaraq və kredit borcunu ödəməkdə çətinlik çəkdiyini görərək avtomobili bankla razılaşdıraraq satışa çıxarıb: “Bank maşını mənim razılığımla satdı, bundan sonra banka borcumun qalmadığı haqda arayış verdi. Ailəmizdə baş verən faciədən sarsıldığıma görə bankın maşını neçəyə satdığı ilə maraqlanmadım, ancaq bankdan dedilər ki, maşının satışından əldə olunan pulla mənim banka olan 44 min dollar borcum tam bağlanıb. Bank mənim kredit borcumun olmadığı və avtomobilin girovluqdan çıxarılması barədə DYP-yə arayış da göndərib. Həmin arayış əsasında avtomobil girovluqdan çıxarılıb və satılıb. Ancaq aradan iki il keçəndən sonra bu ay Rusiyadan Azərbaycana gələrkən sərhəddə saxlanıldım. Mənə bildirdilər ki, NBC Bank-a borcum var və ölkədən çıxışıma “stop” qoyulub. Özü də heç bir məhkəmə qərarı olmadan, sadəcə olaraq bankın müraciəti əsasında”.

R.Məmmədov məsələni aydınlaşdırmaq üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib, idarədən ona “get məsələni bankla aydınlaşdır” deyiblər. Şikayətçi deyir ki, bundan sonra vaxtilə kredit aldığı banka üz tutub. Bankdan deyiblər ki, heç demə onun avtomobilə görə 14 min dollar borcu qalıbmış. İndi isə bu borcun üstünə təxminən 7-8 min dollar faiz də gəlib.

Bəs o zaman NBC Bank avtomobili satarkən Dövlət Yol Polisinə vətəndaşın banka borcunun qalmadığı haqda arayışı niyə verib?

Bankdan bu suala qəribə izah veriblər. Deyiblər ki, o vaxt “humanistlik edərək” avtomobilin satılması üçün DYP-yə həmin arayışı göndəriblər. Əslində isə maşın cəmi 30 min dollara (?!) satılıbmış və müştərinin banka 14 min dollar borcu qalıbmış. Şikayətçi deyir ki, həmin iki il ərzində bankdan heç kim onunla əlaqə saxlamayıb və borc barədə xəbərdarlıq etməyib.

“İndi bankda məni və onların maşının girovluqdan çıxarılması üçün DYP-yə göndərdikləri məktubun surətini görəndə çox təəccübləndilər . Heç demə bunlar məni ölən qardaşımla səhv salıblar. Elə biliblər ki, ölən mənəm”-R.Məmmədov deyir.

Bu arada haşiyə çıxaraq qeyd edək ki, R.Məmmədov iki il öncə Bakı yaxınlığında “Vinçester” silahından özünə atəş açaraq intihar edən iş adamı Bəxtiyar Məmmədovun qardaşıdır. Həmin intihar hadisəsi barədə KİV-lər yazıblar. O, biznesinin müflis olmasına və borca düşdüyünə görə Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində özünü öldürüb. Hadisə baş verən gün Bəxtiyar qardaşı Rəhman Məmmədova zəng edərək özünü öldürməyə getdiyini deyib. Qardaşı da özünə məxsus “Nissan-Patrul” markalı maşınla Bəxtiyarın olduğu “Audi Q7” markalı maşının arxasından gedib. Qardaşı arxadan Bəxtiyara çataraq öz avtomobili ilə Bəxtiyarın maşınını yan tərəfdən sıxaraq saxlamağa məcbur edib. Maşından düşüb Bəxtiyara tərəf qaçsa da, o, maşının qapılarını və şüşələrini bağlayıb. Şüşəni sındırmaq, qapını açmaq üçün yerdən daş, dəmir parçası axtarana kimi Bəxtiyar özünə atəş açıb.

Həmin hadisədə Rəhmanın avtomobili yüngül zədələnib. Lakin şikayətçi deyir ki, həmin yüngül zədəyə görə avtomobilin dəyərindən az qala 4 dəfə ucuz satılması mümkün deyildi. “Avtomobili alandan sonra üstünə 10 min dollar da əlavə xərc qoydum, salonunu xüsusi sifarişlə yığdırdım. Necə ola bilərdi ki, cəmi 2 ilin avtomobilini bank 30 min dollara satsın? Onlar mənim faciəylə üzləşməyimdən sui-istifadə etdilər və adıma bu qədər borc yazıblar”-R.Məmmədov deyir.

Şikayətçinin bildirdiyinə görə, indi bankda ona sövdələşmə təklif edirlər, deyirlər ki, 14 min dolları ödəsə faizləri bağışlaya bilərlər.

“7-8 dəfə NBC Bankın Yasamal filialında və baş ofisində olmuşam. Mənə deyirlər ki, sizə hörmət edərək həmin borcun fazini silə bilərik, 14 min dolları isə gətirib ödəyin. Hamımız bilirik ki, bank heç bir dolları da humanistlik edib kiməsə bağışlamaz. Burada fırıldaq var. Soruşanda ki, niyə indiyə qədər xəbərdarlıq etməmisiniz və ya məhkəməyə verməmisiniz, bildirilər ki, biz özümüz nə vaxt məhkəməyə vermək lazım olduğunu bilirik. O vaxt arayışı alan zaman bankda işləyən şəxsləri də tapa bilmədim. Zəng etdikdə isə artıq işdən çıxdıqlarını, problemin onlara aid olmadığını bildirirlər”, – deyə R. Məmmədov bildirib.

Hazırda uşaqlarını məktəbə qoymaq üçün Rusiyaya qayıtmalı olduğunu deyən Məmmədov bankın qanunsuzluğu ucbatından sərhədi keçə bilmir, çarəsiz durumdadır.

Problemi araşdırmaq üçün NBC Bankın istehlakçıların hüquqlarını müdafiə şöbəsinin müdiri Aynur İsmayılova ilə əlaqə saxladıq. Şöbə müdiri virtualaz.org-a bildirdi ki, müştəri rəsmi olaraq müraciət etsin, problem araşdırılacaq:

“Ola bilər ki, belə bir müştərimiz olsun. Əgər problem varsa, bizə rəsmi şəkildə müraciət etsin, biz məsələni araşdıraq. Amma burada bank tərəfindən dələduzluqdan söhbət gedə bilməz”.

Qeyd edək ki, NBC Bank-la bağlı şikayətlər təkcə bununla bitmir. Bu ilin yanvarında Mərkəzi Bank NBC Bank-ın nizamnamə kapitalının göstəriləndən az olduğunu əsas gətirərək lisenziyasını ləğv etmişdi. Lakin daha sonra bankın lisenziyası bərpa olundu.(virtualaz)