NBC bankda BİABIRÇILIQ — ağır xəsarətlər alan işçini xəstəxanaya atıb getdilər

Bakıda təhlükəsizlik kamerası quraşdıran usta iş zamanı yıxılaraq ağır bədən xəsarətləri alıb

NBC bankda çalışan Kərimov Zahid Valeh oğlu ağır xəsarətlərlə Travmatologiya və Ortopedia İnstitutuna yerləşdirilib. Rentgen müayinəsindən sonra ona bud sümüyünün boynunun sınığı diaqnozu qoyulub. Xəstənin həkimi Eyvaz Hacıyev bud sümüyünün sınığının ağır xəsarət olduğunu bildirib:

“Bu çox ağır xəsarət sayılır. Sadəcə, xəstə cavan olduğu üçün sağalma prosesi tez gedə bilər. Ancaq əmək qabiliyyətini bərpa etməsi bir müddət çəkəcək”.

Z.Kərimovun ailəsi əməkdaşımızla söhbətində qeyd edib ki, bankdan onlara heç bir kömək göstərməyəcəklərini deyiblər:

“Dünən gətirib xəstəxanaya yerləşdirib çıxıb gediblər. Ondan sonra heç kim baş çəkməyib. Yasamal rayon polis idarəsinin əməkdaşları gəldilər, bildirdik ki, heç kimdən şikayətçi deyilik. Amma heç olmasa maddi durumumuzu nəzərə alıb, müalicəyə kömək etsinlər. Bankın təhlükəsizlik xidmətinin rəisi Fariz Hüseynov deyir ki, o, bizim işçimiz deyil. Zahidə demişdilər ki, səninlə rəsmi müqavilə imzalayacağıq. Amma etmədilər”.

NBC bankın təhlükəsizlik xidmətinin rəisi Fariz Hüseynov “Ölkə.Az”-a açıqlamasında əvvəlcə heç bir kömək edilməyəcəyini bildirsə də, sonradan fikrini dəyişib:

“O bizdə günəmuzd işləyib 15 manat pulunu alıb. O bizim işçi deyil, kənardan gəlib işini görüb. Narahat olmayın, ona kimsə kömək etməyəcək. Onun sizdən nə maddi marağı var? Sizin onunla tanışlığınız var?”

“İşçinizlə niyə əmək müqaviləsi imzalamamısınız” sualından sonra Fariz Hüseynov fikrini dəyişib:

“Əlbəttə çalışacağıq ki, əlimizdən gələn köməyi edək. Bizim də insanlığımız var, demişəm, məşğul olacaqlar”

Mövzunu diqqətdə saxlayacağıq.(Ölkə.az)

Yeniçağ.az