FİFA-nın videotəkrar sistemi (VAR) Rusiyada keçirilən dünya çempionatına əlavə rəng qatır desək, yanılmarıq.
Yenicag.az xəbər verir ki, sözügedən sistem mundialda ilk dəfə Fransa – Avstraliya matçında istifadə olunub. Qarşılaşmanın baş hakimi Andres Kunya VAR-a müraciət etdikdən sonra qərarını dəyişərək, penalti nöqtəsini göstərib.
Qeyd edək ki, cari mundialda VAR sisteminə müraciət edən hakimlər 4 dəfə penalti nöqtəsini göstəriblər.
Bəs, hansı durumlarda videotəkrara ehtiyac duyulur?
1. Qolun qaydalar çərçivəsində vurulduğunu müəyyənləşdirmək üçün (Top qapı xəttini keçibmi? Qol zamanı müdafiəçiyə qarşı açıq-aşkar kobudluq edilibmi? Qolla yekunlaşan ofsayd epizodlarını və topun meydanda olub-olmamasını dəqiqəşdirmək)
2. Penalti epizodları (Təmasın cərimə meydançasının daxilində və ya xaricində olduğunu müəyyənləşdirmək, hücum futbolçusuna qarşı müdafiəçi kobudluq edibmi? Gözdən qaçan ofsaydın penalti ilə nəticələnməsi, penaltidən öncə müdafiəçiyə qarşı kobudluq edilibmi?)
3. Birbaşa qırmızı vərəqələr
4. Yanlış futbolçuya vərəqənin göstərilməsi
FIFA yüzfaizlik qayda pozuntuları və gözdən qaçan digər önəmli epizodlar xaricində VAR heyətinin meydandakı baş hakimin işinə müdaxilə etməyəcəyini bildirir. VAR heyətindən xəbərdarlıq alan baş hakim həmin anda oyunu saxlamalıdır. VAR heyəti epizodu təkrar incələdikdən sonra tövsiyyələrini referiyə çatdırırlar. Baş hakim bu zaman ya VAR sistemindəki köməkçilərinin verdiyi məlumata əsasən, ya da meydanın kənarında yerləşdirilən ekrandan epizoda özü baxından sonra qərar verir. İstənilən halda yekun qərar baş hakim tərəfindən verilir.
DÇ-2018-də VAR sistemi yalnız bir mərkəzdən idarə olunur. FİFA-nın yaydığı məlumata görə, Rusiyanın paytaxtı Moskvada yerləşən mərkəzdə hər matçın 1 “video hakimi”, 3 yardımçı “video hakimi” olur. 4 nəfərlik bu heyət 8-i yavaşladılmış olmaqla 33 fərqli kameradan oyuna baxırlar. Amma onların heç birinin yekun qərar vermək hüququ yoxdur.
Emin