Nəcməddin Sadıkova həbs yolu GÖRÜNDÜ: “Şlyapa”sını, “Elxan”ını itirdi, “İlqar”ı da TƏHLÜKƏDƏdir – ŞƏRH

“Nəcməddin Sadıkov da Səfər Əbiyevin zamanında müdaxilə edə bilmədiyi qurumlara sonradan kadrlarını yerləşdirməyə başladı və orada kök saldı. Səfər Əbiyevin səriştəsizliyə görə tərxis etdiyi kadrları yenidən orduya cəlb etdi”.

Bunu Müdafiə Nazirliyində keçirilən əməliyyatlar və sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov ətrafında həlqənin daralmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, həbslər Nəcməddin Sadıkov ətrafında həlqənin daralmasını deməyə əsas verir:

“Nəcməddin Sadıkov uzun illər Baş Qərargah rəisi olub. Nəcməddin Sadıkov çalışdığı 30 ilə yaxın müddətdə ordu içərisində çoxlu köklər salıb. Hazırda onun tör-töküntüləri orduda hələ də xidmətlərinə davam edir. O, Baş Qərargah rəisi olanda üç nazir dəyişib – Məmmədrəfi Məmmədov, Səfər Əbiyev və hazırkı nazir Zakir Həsənov. 44 günlük müharibə başlayandan bir müddət sonra vəzifəsindən azad olunub. Ölkənin ən çətin anında Baş Qərargah rəisi vəzifədən azad olundu. Səfər Əbiyev Nəcməddin Sadıkovun əl-qolunu bağlamışdı. Hətta Nəcməddin Sadıkov Səfər Əbiyevin istifadə etdiyi liftlə yuxarı qalxa bilməzdi. Qırmızı xətti keçməyə heç vaxt icazə verməmişdi. Səfər Əbiyev vəzifədən gedəndən sonra bəzi qurumlar birbaşa onun tabeliyinə verildi. Nəcməddin Sadıkov da zamanında müdaxilə edə bilmədiyi qurumlara kadrlarını yerləşdirməyə başladı və orada kök saldı. Səfər Əbiyevin səriştəsizliyə görə tərxis etdiyi kadrları yenidən orduya cəlb etdi.

Ötən yazılarda proqnoz vermişdik ki, “şlyapa” ləqəbli Zahid Niftəliyevin, Elxan Məcidovun həbsi qaçınılmazdır. Elxan Məcidovun haqqında Hərbi Prokurorluqda cinayət işi var idi. Səlahiyyət həddini aşmaqla iş açılıb və məhkəməyə göndərilmişdi. Dövlət Təhlükəsizlik Xidməti də, öz növbəsində, iş aparırdı. DTX Elxan Məcidovun əsgərləri qeyri-qanuni yolla Mərkəzi Ordu İdman Klubuna ezam etməsinin üstünü açdı. Elxan Məcidov ezam olunan şəxslərə saxta idmançı sənədləri də düzəldirdi. Təbii ki, bunlar külli miqdarda pul qarşılığında həyata keçirilirdi.

Hesab edirəm ki, Elxan Məcidovdan sonra növbə İşlər İdarəsinin sabiq rəhbəri İlqar Məmmədovdur. İlqar Məmmədov da öz vəzifə səlahiyyətlərini aşıb. Zamanında İlqar Məmmədov xəstəliklə bağlı ehtiyata buraxılmışdı. Səfər Əbiyevdən sonra İlqar Məmmədov Nəcməddin Sadıkovun təşəbbüsü ilə ordu sıralarına qaytarılır. Onu yenidən hərbi həkim komissiyasından keçiriblər və sağlam olduğu haqqında arayış veriblər. Maraqlı sual yaranır, hansı komissiya düz işləməyib? Səfər Əbiyevin zamanındakı komissiya, yoxsa sonradan yaradılan komissiya?

İlqar Məmmədov əvvəlcə İşlər idarəsinin rəis müavini, daha sonra isə həmin idarənin rəisi vəzifəsinə gətirildi. O adam Zahid Niftəliyevin övladları MAXE olduqları halda, onları evlə təmin etdi. Öz övladına da ev verdi. Uzun illər xidmət etmiş zabitlər evsiz olduğu halda, İlqar Məmmədov tanış-bilişinə ev paylayırdı. Bütün bunlar səlahiyyət həddini aşmaq deməkdir”.

Hərbi ekspertin sözlərinə görə, hazırda da orduda yeyinti və korrupsiya halları var:

“Hesab edirəm ki, Maddi-Texniki Təminat Baş İdarəsində ciddi yoxlamalar keçirməyə əsaslar var. O idarədə də çoxlu sayda yeyintilər var. Maliyyəçilər yoxlandı. Maliyyə idarələrində yeyintilər 100 milyondan artıqdır. Hesab edirəm ki, Maddi-Texniki Təminat Baş İdarəsi yoxlanılsa, orada bu cür faktlar maliyyə idarələrindən daha artıq olacaq. Aydın olacaq ki, Nəcməddin Sadıkovun dövründə də, indi də orada ciddi yeyintilər var. Hazırda yeni kazarmaların tikintisi davam edir. Tikinti işində qiymətləndirmə real qiymətlərdən dəfələrlə baha göstərilir. Müdafiə Nazirliyində korrupsiya olmamalıdır. Həmin qurum ölkənin müdafiəsini və təhlükəsizliyini təmin edən bir qurumdur”.

Səxavət Məmməd

COP29