!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Nəfəsliklər açılmasa..." - Onlayn-media rəhbərləri narahatdır  

!Reklam – Yazi
  1. Milli Məclisdə keçirilən 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirələrinin yekununda maliyyə naziri Samir Şərifov deputatların müzakirələrdə irəli sürdükləri təkliflərin nə dərəcədə nəzərə alınıb-alınmadığı ilə bağlı çıxış edərək, bir sıra sahələrə ayrılan vəsaitin artırıldığını bildirdi. Bununla da dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait 20 faiz və ya 500 min manat artırılaraq, 3,1 milyon manata çatdı.

QHT-lərə isə 600 min manat ayrıldı ki, bu da 2017-ci illə müqayisədə 12,1 faiz artırılaraq, 5,6 milyon manat oldu. Təəssüf ki, 2018-ci ilin dövlət büdcəsi layihəsindən onlayn mediaya heç bir vəsait ayrılmadı. Halbuki, bu barədə media rəhbərlərinin tələbləri əsasında, həmçinin Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun Milli Məclisdə çıxışı zamanı onlayn mediaya hökumət tərəfindən 1 milyon manat vəsaitin ayrılması təklif olunmuşdu.

Maraqlıdır, bugünkü gündə cəmiyyətin maarifləndirilməsi və formalaşdırılması yönündə mühüm rol oynayan onlayn mediaya hökumət tərəfindən vəsaitin ayrılmamasının səbəbi nədir?

Yenicag.az olaraq, mövzu ilə bağlı bir sıra media rəhbərlərinə eyni sualla müraciət etdik.

Vüsalə Mahirqızı

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı

“Əlbəttə, internet mediaya dəstək üçün vəsaitin ayrılması çox yaxşı olardı. Xüsusilə xaricidilli onlayn resurslarının fəaliyyətinin inkişafı üçün belə bir dəstək müsbət nəticə verərdi. Bu barədə millət vəkilləri də təkliflər səsləndirmişdilər. Vəsait ayrılmamasının səbəbi barədə konkret məlumatım yoxdur.
Ümid edirəm ki, gələcəkdə onlayn media ilə bağlı dövlət dəstəyinin kriteriyaları müəyyənləşər və belə bir konsepsiya qəbul olunar”.

“Azxeber.com” xəbər portalının baş redaktoru Hacıbəy Heydərli

Hacıbəy Heydərli

“Danılmaz faktdır ki, bu gün Azərbaycan cəmiyyəti informasiyanı onlayn mediadan alır. Hər gün qəzet alıb, oxuyan çox az sayda insan qalıb. Ölkə gündəmini xəbər saytları və agentliklər müəyyənləşdirir. Belə bir xüsusda hörmətli millət vəkilimiz Əflatun Amaşovun onlayn mediaya dəstək məsələsini parlamentin müzakirəsinə çıxartması çox önəmli hadisə oldu. Çünki deputatlar özləri də dəfələrlə sosial şəbəkələri və internet medianı iclaslarda müzakirə ediblər. Çox istərdim ki, hörmətli Əflatun müəllimin təklifi hökumət üzvləri tərəfindən dəstəklənsin, ancaq təəsüf ki, bu, baş tutmadı. Əminəm ki, növbəti illərdə sözügedən məsələ müzakirəsiz qəbul olunacaq. Çünki bu gün təkcə bizim sayta gündəlik ziyarətçi sayı 50 mini ötür, sosial şəbəkələrdə saytımızı 1 milyona yaxın insan izləyir. Eynilə digər məşhur saytlar da ictimai rəyi formalaşdıra bilirlər. Əgər maddi yardım alınmadısa belə, ruhdan düşməyə dəyməz, Azərbaycanda reklam bazarını düzgün şəkildə saytlara yönləndirmək vacib şərtdir. Çox istərdim ki, reklam şirkətləri dostluqdan çox, peşəkar işə və doğru yanaşmaya üstünlük versin, belə olan təqdirdə internet-media öz-özünü maliyyələşdirə biləcək”.

“Qaynarinfo.az” xəbər portalının baş redaktoru Zahir Əzəmət

Zahir Əzəmət

“Azərbaycan internet mediası bu gün hətta Ermənistan mediası ilə müqayisədə maddi-texniki baza baxımından xeyli geri qalır. Bir çox hallarda məhz buna görə informasiya savaşında uduzuruq. Media azadlığı, internet medianın statusu, reklam bazarındakı monopoliya və tapşırıq sistemi – bütün bunlar Azərbaycan mediasının ölkənin adına layiq şəkildə inkişafını ləngidir. Hesab edirəm ki, hazırda cəmiyyətdə aparıcı mövqeyə sahib olan onlayn mediaya dəstək üçün mütləq bir neçə milyon da olsa vəsait ayrılmalıydı. Medianın bütün nəfəslikləri bağlıdır. Bir az da olsun ipləri boşaltmaq, qapıları demirəm, heç olmasa 1-2 nəfəsliyi açmaq lazımdır. Əks halda, uzağı bir ildən sonra, Azərbaycanda media yox, bir-iki “mətbuat xidməti” qalacaq, illər boyu qurulan sistemlər çökəcək”.

“Ölkə.az” xəbər portalının baş redaktoru Məmməd Gülməmmədov

Məmməd Gülməmmədov

“Əvvəlcə onu deyim ki, “gözlənilməz oldu” məsələsi ilə razı deyiləm. Çünki onlayn mediaya zatən pul ayrılmırdı. Buna görə də “gözlənilməz” demək doğru deyil. Bu məsələnin həlli Milli Məclisin keçirilən iclaslarında MŞ-nın sədri, millət vəkili Əflatun Amaşov tərəfindən də təklif edilmişdi. Bunun qəbul edilib-edilməməsi artıq Milli Məclisin səlahiyyətində olan məsələdir. Görünən budur ki, keçirilən iclasda onlayn mediaya olan dəstək nəzərdə tutulmadı. Bu, normal haldır və təəccüblənmək lazım deyil. Düşünürəm ki, onlayn media özünü dolandırmağın yollarını tapmalıdır. Bunun üçün bazar şəraitinə uyğun olaraq, öz marketinqini düzgün qurmalı və reklam bazarını formalaşdırmalıdır. Belə olduqda bu media sahəsi öz işini daha rahat şəkildə qurmuş olacaq. Düzdür, Azərbaycanda dijital reklam bazarı əlverişli olmasa da redaksiyalar bunu öz imkanları vasitəsilə həll ediblər. Həmçinin, MŞ bu mövzuda vasitəçi rolunu oynamalı və şirkət rəhbərləri ilə media rəhbərlərinin görüşlərini təşkil etməlidir. Belə olan halda onlayn medianın maddi sıxıntısının həlli daha labüddür”.

Elvin Paşazadə

www.yenicag.az

2295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv