Neft gəlirlərinin İDARƏEDİLMƏSİ: “istedadlı gənclərin xaricdə təhsili maliyyələşdirilsin” – İqtisadçıdan TƏKLİF
“Hazırkı şəraitdə bu gəlirlərin ən yaxşı xərc istiqaməti istedadlı gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi olardı”.
2001-ci ildən etibarən 1 iyul 2021-ci il tarixinə kimi Azəri Çıraq Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 151,759 milyon ABŞ dolları, 2007-ci ildən etibarən 1 iyul 2021-ci il tarixinə qədər Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3,738 milyon ABŞ dolları təşkil edib. Toplam neft və qaz gəlirləri 155 milyard 497 milyon dollar və ya hazırkı məzənnə ilə 264 milyard 345 milyon manat olub. Bu hər adama 25 min manat və yaxud da 4 nəfərdən ibarət hər ailəyə 100 min manat vəsait deməkdir.
Yenicag.az xəbər verir ki, bu statistik göstərici fonunda neft gəlirlərinin idarəolunması ilə əlaqədar vəziyyəti iqtisadçı Qubad İbadoğlu şərh edib.
Onun sözlərinə görə, neft gəlirlərinin istifadəsi üzərində hələ də ictimai nəzarətin olmaması idarətetmənin şəffaflığını sual altına salır:
“Hazırda Neft Fondunun aktivləri 44 104,9 milyon ABŞ dolları və ya 74 978,5 milyon manatdır. Bu, o deməkdir ki, bütün mənbələrdən əldə edilmiş neft-qaz və faiz-renta gəlirlərinin 28,3 faizi qalıb, 71,7 faizi xərclənib. Əslində, 264 milyard 345 milyon manatla yanaşı, yaxşı idarəetmə, təhsil, innovasiya, “start up”larla Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin siyahısına çıxartmaq mümkün idi. İtirilmiş imkanlar dəyərləndirilməli, korrupsiya hesabına mənimsənilmiş vəsaitlər də hesablanmalıdır. Neft pullarının ən çox xərcləndiyi tikinti sektoru, əsasən, nəqliyyat infrastrukturudur. Eyni zamanda, neft gəlirləri qiymətlərin bahalaşmasında əhəmiyyətli rol oynayıb, xərcləri daha da artırıb. Odur ki, ölkədə ifrat təbəqələşmə yaranıb.
Gəlirlərin necə idarəolunması və xərclənməsi şəffaf deyil və bu barədə Neft Fondundan informasiya almaq hüquqları məhduddur. Hazırkı şəraitdə bu gəlirlərin ən yaxşı xərc istiqaməti istedadlı gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi olardı. Təəssüf ki, bununla bağlı dövlət proqramı 2015-ci ildən dayandırılıb. İndi tətbiq edilən proqram isə məhdud xarakter daşıyır”.
Gülşən Şərif