!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neft maqnatları torpaq yiyəsinə tula payı verib mülkə sahib olurdular”

!Reklam – Yazi

“Neftin bütün üstünlüklərini və gələcəkdəki əhəmiyyətini yaxşı bilən imperialist dövlətlərin rəhbərləri bu misilsiz yanacağa yiyələnmək üçün planetin bütün guşələrində olan neft yataqlarını ələ keçirməyə can atırdılar”

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu sözlər yazıçı Manaf Süleymanovun “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim” kitabında əks olunub. Süleymanov qeyd edib ki, amerikalı Son Rokfellerin “Standart oyl”, İngiltərədən Henri Deterdinqin rəhbərliyi altındakı “Royal Döyçe Şell”; fransızlardan yəhudi Rotşildin “Xəzər-Qara dəniz” və “Mazut”, isveçli “Nobel qardaşları”nın sindikatları Bakıya can atırdılar:

“Əcnəbi kapitalistlər neft sərvətinin gələcəyini, geoloji əsaslar üzrə öyrənərək neft çıxarma qaydalarını pis bilən bakılılardan torpaqlarını «baha» qiymətə alırdılar. Bununla da Abşeron yarımadasının tükənməz sərvətinə yiyələnirdilər.

Xarici kapitalistlər müsəlmanların min illərlə ata-baba yurdu olan neftli torpaqlarını əllərindən almaq məqsədilə o yerləri də hərraca qoymaq barədə qərar çıxartdırırdılar. Əhməd bəy Ağayev Peterburqa, sonra da Tiflisə camaat tərəfindən nümayəndə gedib Bakı müsəlmanlarının ata-baba yurdu olan neft-mədən yerlərini əllərində saxlamağa nail olur.

Təzə kəşf edilmiş zəngin neft yataqlarındakı torpaqları müzaidəyə qoyub hasil olacaq gəliri xəzinəyə vermək əvəzinə tez-tez çarın fərmanı ilə, bu və ya digər yüksək rütbəli məmurlara, taxt-taca yaxın qraf, knyaz və sair adamlara bağışlanırdı, onlar da bu torpaqları pullu neftxudalara, şirkətlərə ya satır, ya da şərikli istismar etdirirdilər. Suraxanıdakı neftli torpağın çoxusu belə talan edilmişdi.

Balaxanı, Sabunçu, Ramana, Bibiheybət, Binəqədi kəndlərində yer üstündə böyük davalar düşürdü; bir-birini məhkəməyə verirdilər. Çar hökuməti belə hadisələri bəhanə eləyir, çox yeri dövlətin ixtiyarına verir, ya hərracda satdırır, ya da çara yaxın adamların adına keçirtdirirdi. Bunun nəticəsində Qəfqaz canişini qraf Voronsov-Daşkov Balaxanı kəndinin ortasında zəngin mədən sahibi olmuşdu.
1905-ci ildə baş vermiş hadisələrlə əlaqədar, Qafqaz canişini Bakıya gəlir. Güman edirlər ki, yerlərdə vəziyyəti öyrənəcək, xeyirxah bir iş görəcək. Lakin belə olmur, o, nə fəhlələrin ağır vəziyyətinə, nə onların iş şəraitinə, nə də şikayətçilərə əhəmiyyət verir, birbaşa Balaxanıya, öz şəxsi mədəninə gedir, vəziyyəti, nə qədər ziyan çəkdiyini öyrənib qayıdır, Tiflisə yola düşür.

Bakıda iki cür neft sənayeçisi vardı: biri mədən və zavod yiyələri – «neftxudalar», digəri isə «dirəkçilər». Birincilər hər yerdə məşhur idilər.

«Dirəkçilər» isə neftli güman edilən torpaqları zəbt edir, alır, yə da icarəyə götürüb ortasına dirək basdırır, üstünə adını və həmin yerə nə vaxt yiyələndiyi tarixi yazırdı. “Dirəkçilər” çox zirək, işgüzar adamlar idi.

Onlar axtarış-kəşfiyyat aparmırdılar, quyu qazdırmırdılar. Ortasında dirək basdırılan yerin sahəsi kvadrat şəklində olardı. “Dirəkçilər” birdən əlli-altmış, bəzən daha çox torpaq sahəsi zəbt etməyə nail olurdular. Ortasında dirək basdırılmış sahələrdən tək bircəsində neft əldə ediləndə, fontan vuranda, ətrafdakı torpaqların qiyməti birə yüz artardı. “Dirəkçilər” qərbi Abşeronda, Qobustan otlaqlarında, Kür ovalığında, Xəzəryanı düzənlikdə, Siyəzəndə, Şamaxıda, Gəncə quberniyasında – Naftalanda çoxlu torpaq tutub, dirək basdırmışdılar. Mərkəzi və Şərqi Abşeronda dirəkçilərin işi o qədər də yaxşı getmirdi. Çünki neftxudalar yerlərə çoxdan yiyələnmişdilər.

Camaat arasında bir də belə bir inam vardı ki, neft olan yerlərdə ot, ağac, kol-kos bitməz. Buna görə dirəkçilər, adətən, şoranlıq, gölməçə, daşlıq, qayalıq yerləri tuturdular. Amma təbiəti gözəl olan Şimali Qafqazda, Maykopda zəngin neft-qaz yataqları kəşf ediləndən sonra bu cür mülahizələr yoxa çıxdı.
Neftli torpaqlar üstündə tez-tez dava düşür, adam öldürülürdü.

Məhkəmələrdə yalançı şahidlər olurdu. Hakim iddiaçıları, üstündə dava düşmüş əraziyə aparır, adamları dindirirdi. Molla əlindəki Qurana şahidlərə əl basdırıb and içdirirdi. Yalançı şahid Qurana əl basıb belə qəsəm edirdi: “And olsun bu Qurana, ayaqlarımın altında olan torpaq iddiaçının atababa torpağıdır”. Doğrudan də ayağının altındakı, əvvəlcədən ayaqqabının içinə tökdüyü torpaq iddiaçının ata-baba mülkündən götürülmüş torpaq olardı. Üstündə dava açdığı torpağın, yerin isə iddiaçıya heç bir dəxli yox idi.

Kasıb adam yerini satanda müştəriyə deyirdi ki, xozeyin, əgər məni salacağın mədəndə gözətçi götürəcəksənsə sövdamız baş tutacaq. Sahibkar razılaşırdı, amma bir neçə əydan sonra üstünə şər atıb onu mədəndən uzaqlaşdırırdı. Gözətçilər gecələr oğurluq neft alış-verişi edənlərin arabalarını anbardan doldurub, pulunu alaraq yola salırdılar, ya da lülələrin krantını açıb, nefti qonşunun anbarına axıdar, haqqını alardı.

Sərmayəsi az, fəhləsi az olan adam quyunu qazdırıb neft təbəqəsinə çatdıra bilmir, yeri satmağa vadar olurdu. Bəzən də gecə vaxtı neft daşıtdırıb quyuya doldurur və sabahı gün xəbər yayırdı ki, neftə çatıb, bu yolla «baha» qiymətə satırdı. Neft maqnatları bu gələkləri çox yaxşı başa düşürdülər, onu da əvvəldən çox yaxşı bilirdilər ki, neft daha dərində yatır, özü də tükənməzdir; torpaq yiyəsinə guya mərhəmət göstərir, tula payı verib mülkə sahib olurdular.

Sahibkarlar qonşuluqdakı qazma ustalarını pulla alıb sahə barədə məlumat toplayırdılar, ya da quyuda qəza törətdirirdilər ki, özləri daha tez neft layına çatsınlar.

Xırda mədənlərin sahibləri quyuları istismar edir, neft çıxardır, amma quyu qazdırmağa qüvvələri çatmırdı, lazımi avadanlıq, dəzgah, usta, fəhlə saxlamağa imkanları olmadığından quyunu podratçılara qazdırırdılar. Tez-tez podratçılar qonşuluqdakı Dövlətli neftxudadan pul alıb, qazmanı uzadır, ya də su təbəqəsini bağlamır, əngələ salıb işi yubandırırdılar… Və xırda mədənçini qorxudurdular ki, neft verən quyuları da su basa bilər… O da, əvvəl inad göstərib deyirdi: “bu nağılı gedin, körpələrə danışın. Mədənimi satan deyiləm…”.

Axırda təntidirdilər…

Mədənlərdə neft təbəqələrini su basması dəhşətli fəlakətdi; su mədəni döndərirdi gölə, «dəryaçaya», sahibkar təşvişə düşüb zara gəlir, sahəni dəyərdəyməzinə satırdı… Neftxuda bu sahəni, qonşu mədəni adətən başqa adamın adına alır, sonra keçirirdi öz adına və qatırdı mədəninə… Varisləri dilə tutub, tez-tez saxta vəsiyyətnamələr düzəltdirir, işi elə dolaşıq salırdılar ki, torpaq yiyələri tələsib yeri tez satmağa vadar olurdular. Şəhərdə çoxlu notarius kontoru vardı. Onlar neft işində vasitəçi rolu oynayırdılar”.

www.yenicag.az

2131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv