Neft və qazın kəsilməsi Avropada enerji böhranını dərinləşdirir

Rusiya neftinin Avropaya nəqli üçün əsas xətt olan “Drujba” kəməri ilə Ukrayna üzərindən Macarıstana neft daşınmasının dayandırılması enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.

Yenicag.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, təxminən 5500 kilometr uzunluğunda dünyanın ən böyük xam neft xətlərindən biri olan “Drujba” neft kəməri Aİ-Rusiya neft ticarətində Rusiya nefti üçün mühüm çıxış nöqtələrindən biri kimi tanınır.

Mərkəzi və Şərqi Avropanın dənizə çıxışı olmayan neft emalı zavodlarını neftlə təmin edən xətt şimalda Belarusdan Polşaya və Almaniyaya, cənubda isə Ukraynadan keçərək Macarıstan, Slovakiya və Çexiyaya keçir. Ukraynada müharibə başlayandan sonra Rusiyanın boru kəmərləri ilə Avropaya təbii qaz nəqli sürətlə azalmağa başlayıb. Belə ki, Kreml administrasiyasının əks addımları Qərb ölkələrində enerji böhranını dərinləşdirir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına əsasən, yanvarda Avropa İttifaqının Rusiyadan xam neft idxalı gündəlik 2,4 milyon barel, neft məhsulu alışı isə sutkada 1,4 milyon barel təşkil edib. Sözügedən idxal keçən ay xam neftdə 1,5 milyon barelə, neft məhsullarında isə 1 milyon barelə qədər azalıb. Aİ-nin iyul ayında təsdiqlədiyi 6-cı sanksiya paketi çərçivəsində dekabrın 5-dək Rusiyadan xam neftin, fevralın 5-dən isə emal olunmuş məhsul tədarükünün tamamilə dayandırılması qərara alınıb. Bununla yanaşı, Rusiyaya qarşı 8-ci sanksiya paketi çərçivəsində xam neft və neft məhsullarının üçüncü ölkələrə dəniz yolu ilə daşınmasına əlavə məhdudiyyətlər qoyulub.

Gülşən