Neftçala Avtomobil Zavodu İran-ABŞ çəkişməsinin qurbanı olacaq? – “Sanskiyalar sərtləşərsə…”

“ABŞ-ın İrana yönəlik sanksiyaları daha da dərinləşsə və Avropa Birliyi ölkələri, o cümlədən Fransa şirkətləri də ona qoşulsa, avtomobil detallarının İranda istehsal edilərək Azərbaycana, Neftçala avtomobil zavoduna gətirilərək yığılması prosesi də demək olar ki, tamamilə dayandırılacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ağ Evin Tehrana yönəlik yeni embarqo siyasətinin ölkənin avtomobil sənayesinə də şamil edilməsi və bu addımın İran ilə Azərbaycanın birgə iqtisadi layihəsi olan Neftçala avtomobil zavodunun fəaliyyətinə də təsirini dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Əslində Neftçalada Azərbaycanla İran arasında birgə avtomobil zavodu artıq fəaliyyətə başlayıb. Amma bu, heç də Azərbaycanda həmin avtomobillərin istehsalı prosesi deyil, yığma prosesidir. Çünki bütün detallar İrandan gətirilir və sonradan Neftçalada quraşdırılması, montajı baş verir. Həmin detalların da əksəriyyəti Fransa şirkətləri tərəfindən İran ərazisində istehsal olunur. ABŞ-ın İrana yönəlik son sanksiyaları fonunda Neftçalada cənub qonşumuzla birgə avtomobil yığılması layihəsi də uğursuzluğa düçar ola bilər. Onu da qeyd edim ki, dünən hətta “Mercedes” şirkəti bu sanksiyalara qoşulacağını bəyan edib. Digər tərəfdən, Vaşinqton tərəfindən İran şirkətlərilə Azərbaycanın iş birliyinə getməsinə görə müəyyən sanksiyalara məruz qalacağı ilə bağlı bəyanatlar da ola bilər”.

Ekspert bu fonda Neftçala Avtomobil Zavodunun bağlanma ehtimalının daha böyük olduğunu bildirib:

“Bu baş verərsə, Azərbaycandakı həmin avtomobil zavodu ya istiqamətini dəyişməyə, İrana aid olmayan başqa şirkətlər axtarmağa məcbur olacaq, ya da ümumiyyətlə fəaliyyəti qapadılacaq. Yəni, İrana qarşı olan son sanksiyalar daha sərt olması ilə seçilir. Onun getdikcə daha da sərtləşməsi gözlənilir. İranla iş birliyinə əsaslanan bütün layihələrin bu sanksiyalar nəticəsində dayandırılması məsələsi gündəmə gələcək. Nəticədə gələcəkdə Neftçaladakı avtomobil zavodunun fəaliyyəti sual altına düşə bilər”.

Qeyd edək ki, avqustun 6-dan başlayaraq ABŞ-ın İrana qarşı daha sərt sanksiyaları qüvvəyə minir. Bu sanksiyalara bir çox sahələrlə yanaşı, avtomobil sənayesi də şamil edilib. Bildiyimiz kimi, Azərbaycanda Neftçala rayonunda İrandan gətirilən hissələr hesabına avtomobil yığılmasına da start verilib.

ELÇİN

COP29