Neftçalalı gəncdən həmyerlilərinə ÇAĞIRIŞ: “Tənzilə Rüstəmxanlı sizin problemlərinizi dövlət qurumları qarşısında qətiyyətlə qaldıracaq”
“O, bizi inandırdı, inandırdı ki, bu günə qədər Azərbaycan xalqının haqq səsini beynəlxalq tribunalarda çəkinmədən ucaltdığı kimi, Neftçala əhalisinin problemlərini də dövlət qurumları qarşısında məhz eyni qətiyyətlə qaldıracaq, Neftçalanın millət vəkili olacaq!”
Yenicag.az xəbər verir ki, bu fikirləri 2020-ci ildə 61 saylı Neftçala Seçki dairəsindən deputatlığa namizəd olmuş, hazırda Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının vəkili olan gənc iş adamı Hüseyn Qurbanov səsləndirib.
O, neftçalalılara çağırış edib:
“Dəyərli neftçalalılar, yurdumun zəhmətkeş, qonaqpərvər, gözəl insanları, yerlilərim! Bu seçki kampaniyası Neftçalada mənim gördüyüm ən çox qadının qatıldığı seçki kampaniyasıdır. Bu məqamda Hüseyn Cavidin bu misralarını xatırladım:
Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Əziz qadınlar, xahiş edirəm özünüzü alqışlayın!
Fərqindəsizsə deputatlığa namizəd demirəm, millət vəkilimiz deyirəm, çünki o bizi inandırdı ki, bu günə qədər Azərbaycan xalqının haqq səsini beynəlxalq tribunalarda çəkinmədən, yüksək səslə ucaltdığı kimi, Neftçala əhalisinin problemlərini də dövlət qurumları qarşısında məhz eyni qətiyyətlə qaldıracaq, Neftçalanın millət vəkili olacaq! Hətta olacaq demirəm, olub deyirəm, çünki bu görüntü, getdiyimiz hər kənddə, hər qapıda bizə verdiyiniz dəstək bunu deməyə əsas verir!
Əziz yerlilərim, bu çıxışı etməkdə məqsədlərimdən biri də bir neçə məsələyə aydınlıq gətirməkdir. Bir çoxunuz yəqin ki görür, əlinə meqafon alıb bazarın küçələrində adımızı hallandırırlar, guya onlara qarşı şaiyələr yayırıqmış. Məni, ailəmi tanıyan insanlar bilir ki, biz heç kimin üzünə deməyəcəyimiz sözü, arxasıyca demərik. Nə demişəm?! Demişəm ki, o insanlar Azərbaycan ordusu Qarabağda döyüşəndə, “Azərbaycan Ermənistana təcavüzü dayandırsın”, deyən insanlardır. Demişəm ki, Azərbaycanlı aktivistlər Qarabağda aksiya keçirəndə, onlar Azərbaycan “Dağlıq Qarabağı” mühasirəyə alıb deyirdilər. Onlar “şəhid olmuşdur”, ifadəsi yerinə “ölmüşdür” ifadəsi istifadə edən insanlardır. Bu günə qədər bir neçə insanın yanında dediyim bu sözləri indi bütün Neftçalanın qarşısında deyirəm, bunlar şaiyə deyil, reallıqdır, faktdır.
Əziz Neftçalalılar, sizdən xahiş edirəm, 1 sentyabr günü seçki məntəqəsində pərdə arxasına keçəndə, vicdanınızın səsinə qulaq asın, Tənzilə Rüstəmxanlıya vermiş olduğunuz səs, öz övladınız Hüseyinə, Aqilə, Filarə xanıma, qazilərimizə verəcəyiniz səsdir! 1 Sentyabrda seçkiyə gəlin, Tənzilə Rüstəmxanlıya səs verin!”