Neftçalanın icra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi – FOTO

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbulunda məmura kəllə ilə zərbə vuran şəxsə hökm oxunub.

Yenicag.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, hadisə 21 iyun 2023-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında baş verib.

Belə ki, həmin gün Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüş zamanı 1976-cı il təvəllüdlü Bankə qəsəbə sakini Zaur bacısı oğlu ilə birlikdə içkili halda akt zalına daxil olaraq, maddi təminatının aşağı olmasını əsas gətirməklə onlara iş verilməsini istəyib. Məlumata görə, görüşdə Mirhəsən Seyidov Zauru və bacısı oğlunu etik qaydalara riayət etməyə çağırıb, şikayətləri ilə maraqlanıb və imkanı daxilində onlara köməklik göstərəcəyini bildirib.

Lakin Zaur icra başçısının sözünü kəsib, yenidən səs-küy salmağa başlayıb. Neftçala rayonu, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Taryel Nağıyev yaxınlaşaraq onu sakitləşdirmək istəyib. Lakin təqsirləndirilən şəxs üzərindən bıçaq çıxararaq, onu hədələməyə başlayıb. Eyni vaxtda mübahisə zəminində Zaur başla Taryelin burnuna zərbə vurub. Zaurun və bacısı oğlunun hərəkətləri nəticəsində tədbirin gedişi təxminən 25-30 dəqiqə ərzində pozulub. Bu vaxt icra hakimiyyətinin əməkdaşları həmin şəxsləri zaldan kənarlaşdırıblar.

Zaur saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 221.2.2 və 228.4-cü maddələri ilə cinayət işi açılıb və iş baxılması üçün məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs məhkəmədə işlə təmin olunması tələbi ilə dəfələrlə Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala rayonu, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət etdiyini, lakin heç bir işlə təmin olunmadığını bildirib. İşlə təmin olunması üçün bacısı oğlunu da götürərək icra başçısı ilə görüşün keçirildiyi yerə gedib. Lakin orada başçıya müraciət etmək istədikdə icra hakimiyyətinin əməkdaşları onu zaldan çıxarmaq istəyiblər. Bu zəmində mübahisə yaranıb və özündə saxladığı və meyvə soymaq üçün istifadə etdiyi bıçaq cibindən yerə düşüb. Amma o Taryelin burnuna qəsdən zərbə vurduğunu etiraf edib.

Məhkəmənin hökmü ilə Zaur Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, cəzasını 1 may 2024-cü ildən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, həmin tədbirdən sonra KİV-də Neftçalanın Bankə qəsəbəsində səyyar görüş zamanı vətəndaşlarla icra başçısı arasında insident baş verməsi barədə məlumatlar yayılmışdı. Hətta Mirhəsən Seyidovun döyülməsi ilə bağlı iddialar da səslənmişdi. Lakin RİH-dən bildirilmişdi ki, sosial şəbəkələrdə icra başçısı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

COP29