Neftçalanın SU PROBLEMİ: “Xəzərin suyu Kürün yatağını doldurub, adamlar yenə su maşınlarının ümidinə qalıb” – Sabir Rüstəmxanlı

“Aran rayonlarımızın su problemini əsaslı şəkildə həll etmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bunları millət vəkili Sabir Rüstəmxanlı özünün “Facebook” hesabında yazıb.

Neftçalada əhalinin yenə susuzluq problemi ilə üzləşdiyini qeyd edən millət vəkili dəniz suyunun Salyan ərazisinə yaxınlaşmaqda odluğunu bildirərək aidiyyatı qurumları tədbir görməyə çağırıb:

“Havalar istiləşdikcə Neftçala camaatının rahatlığını əlindən alan, onların zəhmətini heçə çıxaran, yaşayışlarını pozan qayğılar da çoxalır. Artıq yarım aya yaxındır ki, hər gün rayondan həyəcanlı zənglər gəlir: Kürün suyunun azalmasıyla keçən il olduğu kimi, bu il də Xəzərin suyu çay yatağını doldurub, adamlar yenə su maşınlarının ümidinə qalıb, heyvan-qara qırılır, duzlu dəniz suyu çay yuxarı qalxaraq Salyan ərazisinə yaxınlaşmaqdadır və s.

Gözlənilməz xəbər deyil, ağlı olan hər kəs keçən ilki faciəli durumuun bu il də təkrarlanacağını bilirdi. Çünki təbiətin bizi üzləşdirdiyi bu çətinliyin qarşısını almaq üçün lazım olan işlər görülməyib, vədlər yerinə yetirilməyib, çayın, dənizin dilini bilən yerli insanların təklifləri nəzərə alınmayıb. Mən həmin təklifləri burada bir daha təkrarlamaq istəmirəm.

Düzdür, dövlət ötən yay rayon camaatını susuzluqdan xilas etmək üçün qısa müddətdə mümkün olan bütün vasitələrə əl atdı, bütün qonşu rayonların su maşınları Neftçalaya yönəldildi, cəmi bir neçə ay ərzində Neftçala şəhərinə su kəməri çəkildi və hər kəs arxayınlaşdı. Lakin bu rayon təkcə Neftçala şəhərindən ibarət deyil və təəssüf ki, şəhərin də su şəbəkəsi yarıtmaz vəziyyətdədir, təzələnməlidir, tamamlanmalıdır….

Neftçala camaatı çörəyini daşdan, dənizdən, sudan çıxarmağa vərdiş eləmiş, hər çətinliyə əyilməyən, dövlətə, dövlətçiliyə bağlı, qanuna sayqı göstərən camaatdır… Köhnə müəssisələrin dağılmasına, işsizliyə dözür, ancaq susuzluğa dözmək mümkün deyil.

Mən bir daha Nazirlər Kabinetinə, əlaqədar dövlət qurumlarına mürüciət edirəm. Yağış yağacağına, Kürün yenidən aşıb-daşacağına ümid bəsləməsinlər. Dünyada təbii su ehtiyatları bizdən qat-qat az olan ölkələr, dövlətlər var. Su məsələsini necə həll edirlər? 1Öyrənmək çətin deyil.

Bir yayı, iki yayı birtəhər yola verməklə iş bitməz. Aran rayonlarımızın su problemini əsaslı şəkildə həll etmək lazımdır”.