“Neftçi” çöldə, “Qarabağ” evdə qaldı…

İndi desəm ki, “Qarabağ” “Neftçi”nin qarşılaşdığı rəqibləri mübarizədən kənarlaşdıra bilərdi, deyəcəklər ki, “barıtı” çox oldu…

Əgər UEFA bu mövsüm lap aşağı bir liqa qurmaq barədə qərar versəydi, əvvəl Çempionlar Liqasından, sonra Avropa Liqasında və bu gecə Konfrans Liqasından da iştirakdan kənarlaşdırılan “Neftçi”nin o lap zəiflərin oynayacağı turnirə vəsiqə qazana biləcəyinə inanmaq çətin olardı. Burada dayanmaq gərək və Azərbaycan çempionunu daha yormağa, azarkeşləri isə yenə də məyus etməyə ehtiyac yox…

“Neftçi”nin “Qarabağ”la ötən mövsümdəki çempionluq oyununa qayıtmağın bəlkə də yeri yoxdur. Amma çempionu müəyyən edən xeyli mübahisələr doğurmuş o oyunda yaddaşımda bir epizod ilişib qalmışdı ki, “Neftçi”nin “Makkabi”yə bu axşamkı böyük hesablı (0:4) məğlubiyyətdən sonra xatırladım. Nə idi o epizod, deyim…“Neftçi” meydanda öz çempionluğunu bayram edəndə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov öz köməkçisinə baxaraq…gülümsəyirdi. O vaxt bu diqqətimi çəkən məqamı qabartmaq, rəng vermək istəmədim, eləcə də “Neftçi” nin qapısına təyin edilməyən iki penalti haqda da yazmadım. Çünki deyəcəkdilər ki, “Qarabağ”a azarkeşlik etdiyi üçün “Neftçi”nin 7 illik fasilədən sonra çempionluğunu qəbul edə bilmirlər və sairə…Məşhur gülümsəmənin başa düşdüyüm anlamını yaxşı ki, o zaman yazmadım. İndi yazmağın yeri var: ““Neftçi” çempion oldu, bəs sonra..?”

152255.jpg (54 KB)

Deyim ki, “Neftçi”nin çempionluğunun çempionata əlavə intriqa gətirəcəyinə ümid vardı. “Neftçi” kimi başqa klubların da güclənməsi ağılsızların mənasız iddialarına rəğmən, ilk növbədə “Qarabağ”ın xeyrinə olmalı idi. “Qarabağ” ona görə yaxşı və hörmətə layiq klubdur ki, istənilən rəqabətdən çəkinmir, əksinə buna can atır, bundan faydalanır. O səbəbdən “Neftçi”nin uzun fasilədən sonrakı çempionluğu, beynəlxalq arenada güclənməsi ilk növbədə “Qarabağ”ın xeyrinə olacaqdı, buna şübhə yoxdur. Amma…

2643746.png (635 KB)

”Əmması” odur ki, “Neftçi” çempion kimi hətta Konfrans Liqasına belə düşə bilmədi, çempiona layiq oyunlar göstərmədi. Mən mütəxəssis deyiləm, amma bir az futbolun stixiyasından xəbərdar olduğum üçün deyirəm ki, bu klub sanki “avtopilotda” idarə olunur. Necə? Yəni meydanda oyunçular var, hətta oyun da var, amma qalib gəlmək məqsədi yoxdur. Bilmirəm, fiklirimi çatdıra bilirəm, ya yox, yəni bu klubu futbol ağılı ilə anlamaq mümkün olmadı. Eləcə də baş məşqçini. Qalıb işləmək, hətta hər oyunda qalib gəlmək istəyir. Həm də narazıdır- hamıdan, elə özündən də. Açıq danışır, amma klubda baş verənlərlə bağlı həqiqəti demir. Səmimiyyətimə inanın, “Neftçi”nin klub prezidentinin, menecerinin kim olması, büdcəsi ilə maraqlanmamışam, indi də əlimin altında internet olsa da, buna həvəsim yoxdur. Çünki artıq bu klubla bağlı hər şey göz qarşısındadır. “Görünən dağa bələdçi lazım deyil” ki…Tam bir fiasko, tam bir biabırçı nəticə. “Neftçi” bu Avropa turnirində qapı arxasında, çöldə qaldı…Təəssüf…

lbm5Bfcx9K4RSl9ZBFnB4Sp01KiZjoUE.jpg (352 KB)

İndi desəm ki, əgər “Qarabağ” çempion olsaydı, “Neftçi”nin qarşılaşdığı rəqibləri mübarizədən kənarlaşdıra da bilərdi, “barıtı” çox oldu deyəcəklər. “Qarabağ”minimum imkanları maksimuma çevirə bilir, bunu Qarban Qurbanov sayəsində bacarır həm də. Yaxınların söhbətidir, bir dost idman yazarına gileyləndim ki, qardaş, bu ağdamlılar(klub rəhbərliyinə işarə kimi) Qurbana başqa ölkələrin ikinci-üçüncü liqasından oyunçu alıb deyirlər, “bundan bizə oyunçu və çempion düzəlt”.

Qurban da bunu bir bacarır, iki bacarır, bir gün axı bacarmaya bilər…İndi “Qarabağ”ın heyəti heç ortabab Avropa klubu səviyyəsində deyil. Amma “Qarabağ” oynayır və bizi sevindirir. Bunu ən əsası Qurbanovun sayəsində bacarır, çünki əsas məsuliyyət də, yük də onun üzərindəndir.

Azərbaycan məsuliyyəti, Qarabağ adının məsuliyyəti, öz vicdanın məsuliyyəti və sairə. Bu klub, bu heyətlə(heç kimin zəhmətini yerə vurmadan) Qurban olmadan heç bir ciddi uğura imza ata bilməz. Adam nə edir, nə danışır, necə inandırır, necə bunu bacarır, bu da bir Allah vergisidir yəqin ki…

“Qarabağ” faktiki hücumçusuz Konfrans Liqasına vəsiqəni təmin etdi. Şotlandiya liqasının təmsilçisi ilə rəqib meydanında qarşılaşması (1:3) “Qarabağ”ın ən baxımlı oyunu oldu. “Qarabağ” 8-ci dəfə(Konfrans Liqasına ilk dəfə) Avropa klub turnirinə, bir növ həm də “evinə” vəsiqə qazandı.

152253.jpg (45 KB)

Konfrans Liqasında isə asan rəqib yoxdur. Bu liqada da “Roma”, “Tottenhem”, “Bazel”, “Feyenord”, “Roma” və sair kimi tanınmış klublar mübarizə aparacaq. Püşk “Qarabağ”ı hansı klublarla rəqib etsə, əmin olmaq olar ki, Azərbaycanı layiqincə təmsil edəcək.

Keçmiş olsun, “Neftçi”. Uğurlar, “Qarabağ”…

Nazim Sabiroğlu