Neftçi Elçin Həsənov Salyanda dəfn olundu

Mart ayının 4-də Xəzər dənizində cəsədi tapılan neftçi Elçin Həsənov bu gün yaşadığı Salyan şəhərində böyük izdihamla torpağa tapşırılıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə dəfndə Salyan RİH-in və SOCAR-ın rəhbər işçiləri, mərhum neftçinin iş yoldaşları və rayon ictimaiyyəti iştirak edib.

Xatırladaq ki, bu gün 3 gün əvvəl “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyən edilərkən, onun dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərdən biri- 59 yaşlı mexanik Elçin Yaqub oğlu Həsənov olması rəsmən təsdiqlənib

Elçin Həsənov 1957-ci ildə Salyan şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Müxtəlif təşkilatlarda mühəndis işləyib. 20 ilə yaxın imiş ki, “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində mexanik işləyirmiş. 2 övladı var. Həyat yoldaşı Sehranə Həsənova Salyan şəhər 2 saylı orta məktəbində müəllimə işləyir. Oğlu Yaqub Bakıdakı bankların birində mütəxəssisdir.

Onu da qeyd edək ki , hazırda itkin düşən daha 5 neftçinin axtarışları Azərbaycan prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq davam etdirilir.

Yeniçağ.az