“Neftçi”də Samir Abbasov EFFEKTİ: “Dünya praktikasında belə təcrübələr çoxdur”

“Samir Abbasov da komandanın indiki durumdan daha yaxşı çıxış edəcəyinə ümid verdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yerli çempionatda 9 matçdır qələbə qazana bilməyən “Neftçi”nin ilk qələbəsi barədə danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, cəmi bir oyunla hər hansı bir baş məşqçinin işinə qiymət vermək olmaz.

“Uğursuzluqdan, köhnə məşqçi getdikdən sonra onun əvəzinə yeni baş məşqçi gələndə adətən ilk matçlarda uğurlu nəticə qeydə alına bilir. Ona görə də bunu konkret olaraq, Samir Abbasov effekti deyil, yeni baş məşqçi effekti adlandıra bilərik. Burada düşünürəm ki, Samir Abbasov deyil, digər bir mütəxəssis gəlsəydi, bu matçda yenə qələbə ola bilərdi. Düzdür, “Neftçi” 9 oyundur qələbə qazana bilməməyinə baxmayaraq, hər halda, komanda “Neftçi”dir. Komandanın “Səbail” üzərində olan qələbəsində qeyri-adi nəsə axtarmaq mümkün deyil. Çünki heyətdə də kifayət qədər güclü oyunçular var. Biz bunu bu matçda görə bildik”, – deyə o əlavə edib.

K.Məstəliyev qeyd edib ki, Samir Abbasovun məşqçi bacarığına heç bir şübhə yoxdur.

“Elə komandanı sonuncu dəfə çempion edən mütəxəssis də məhz Samir Abbasov idi. Onun işi ən azı Qriqorçukdan daha yaxşı olacaq. Bu, Qriqorçukun bacarıqsız məşqçi olmağı anlamına da gəlmir. Sadəcə, onda alınmadı.

Dünya praktikasında da bu təcrübələr çoxdur. Elə məşqçilər var ki, konkret komandalarla işləyə bilirlər. Samir Abbasov da komandanın indiki durumdan daha yaxşı çıxış edəcəyinə ümid verdi”, – deyə o bildirib.

Baş verənlərin pərdəarxası məqamları barədə danışan mütəxəssis qeyd edib ki, insanın beyninə bu fikirlər gəlir:

“Yəni necə oldu ki, 9 matçdır, ümumiyyətlə, futbola yaxın nəsə oynamırdılar? Ola bilməz ki, Qriqorçuk müəyyən sistemləri sınaqdan keçirməsin, qələbə qazanmaq üçün lazımi addımlar atmasın. Düzdür, atmışdı və bunu 9 oyunda da gördük, lakin alınmırdı. Bu alınmamağın səbəbi ümumi ümumi zəif oyun idimi, yoxsa bilərəkdən atılmış addımlar idi? Düşünürəm ki, bunu tarix göstərəcək. “Neftçi” kimi bir komandanın formasında bəziləri belə addım atıblarsa, mütləq şəkildə öz cəzalarını alacaqlar. Bizim sırf bu məsələni el arasında deyildiyi kimi, “torba tikmək” əməliyyatı kimi qəbul etməyimiz doğru deyil. Bəli, belə cizgilər var, bunu hiss edirik. Çünki həmin futbolçular əvvəlki oyunlara nisbətən 3-5 dəfə daha yaxşı, daha dəqiq oynayırdılar, amma bunu yeni baş məşqçi effekti kimi qəbul edək”.

İsmayıl Bakuvi

 

COP29