“Neftçi”nin 80 illik yubileyi ilə bağlı beynəlxalq yoldaşlıq görüşü keçiriləcək

“Neftçi” klubu bu il qeyd edəcəyi 80 illik yubileyi münasibəti ilə geniş tədbir keçirəcək.

Bu barədə “Report”a klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanov məlumat verib.

O, bu əlamətdar hadisənin yüksək səviyyədə keçirilməsinin nəzərdə tutulduğunu bildirib:

“Müşahidə Şurasının bugünkü iclasında “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında aparılan işlər haqda geniş məlumat verildi. Baza klubun 80 illik yubileyinədək hazır olacaq. Meydançalar hazırdır. “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə, onun müavini Elnur Eyvazov işgüzar, bacarıqlı insanlardır. Yubileylə bağlı yüksək səviyyədə tədbir keçirilməlidir. Bu, martın sonuna, aprelin əvvəlinə nəzərdə tutulub. Yubiley tarixi martın ikinci 10 günlüyünə təsadüf edir”.

Qurbanov “Neftçi”nin veteranlarının 80 illiyə hazırlığı ilə bağlı məsələnin də Şuranın iclasında müzakirə olunduğunu söyləyib:

“Yubileylə bağlı görülməli işlər Müşahidə Şurasının sədri Çingiz Abdullayevin nəzarəti altındadır. Yubileylə bağlı beynəlxalq yoldaşlıq görüşünün də keçirilməsi nəzərdə tutulub. Keçmiş SSRİ-nin 40-50 yaşlı futbolçularını dəvət etmək fikrimiz var”.

Müşahidə Şurasının üzvündən “Neftçi”nin Sadıq Sadıqovun prezidentliyi dövründə qazanılan çempionluq kuboklarının kluba verilməsi ilə bağlı məsələnin bugünkü toplantında müzakirə edilib-edilməməsini də soruşduq:

“Bu məsələnin indi müzakirəsinin yeri yox idi. O, 80 illik yubileyədək həll olunacaq. Hələ ki muzeyimiz yoxdur. Muzey hazır olmalıdır ki, bütün kubokları orada yerləşdirək. Yeni bazamızda mütləq muzey olacaq”.

Yeniçağ.Az

COP29