“Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda, “Qarabağ”la qarşılaşmada “Neftçi”nin şansının olmasına inanmaq sadəlövhlük olardı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.
O, ölkə kubokunda qarşılaşan əzəli rəqiblərin potensialını, habelə “Neftçi”dəki durğunluğu şərh edib.
N. Muxtarlıya görə, “Qarabağ” ilk oyunda “Neftçi”ni sıradan çıxarıb.
“Üstəlik, bu komandada bir “Qarabağ” xofu var. “Neftçi”nin futbolçuları hələ meydana çıxmamış “Qarabağ”a məğlub olurlar. Bu oyunda “Neftçi”dən, uzaqbaşı, “ciddi müqavimət” gözləmək olar. Qarşılaşmadan sonra da baş məşqçi bu “müqaviməti” nəzərdə tutaraq, özlərinə təsəlli verə bilər. Baxmayaraq ki, “Qarabağ”ın futbolçuları artıq istirahət əhval-ruhiyyəsindədir, düşünürəm ki, bu oyuna ciddi yanaşacaqlar”, – deyə o əlavə edib.
Qaldı ki, “Neftçi” niyə bu durumdadır” sualına, jurnalist bunun cavabının da bəlli olduğunu deyib:
“Qeyri-peşəkar idarəçilik, diletantların futbolda söz sahibi olması, naşı adamların yanlış və gülünc qərarlar. Hər şey “Neftçi”nin rəhbərliyinə bağlıdır. “Sergen Yalçın şousu”, ardınca Adrian Mutunun təyinatı… Gözləmək olardı ki, bu biabırçılıqlardan sonra klub rəhbərliyi ağıllanar və peşəkarların məsləhətinə ehtiyac duyar.
Amma onlar özlərini hamıdan ağıllı hesab etdikləri üçün yenə də öz bildiklərini edirlər. Nəticədə ölkənin ən köklü klubu axmaq qərarların qurbanı olur, rəzil duruma düşür, xalqın sərvəti kimlərinsə cibinə axır.
“Neftçi”nin bir dərdi var: peşəkar idarəçilərin olmaması, vəssalam! Bu klub peşəkarlara tapşırılsa, cəmisi bir ildən sonra vəziyyət xeyli yaxşılaşa bilər. Amma belə olacağını da düşünmürəm. Çünki Azərbaycan futbolunda peşəkarlara yer yoxdur”.
Rafi Müslümov