“Neftçi”nin bütün mənalarda şəraiti, imkanı “Qarabağ”dan daha yaxşıdır, lakin “Qarabağ”la rəqabətdə onlara heç yaxın da dura bilmirlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Neftçi” futbol klubunun uğursuzluq seriyası və komanda daxilində olan problemlər haqda danışan idman jurnalisti Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, “Neftçi”də ənənə halını almış problemlərin növbəti mövsümə də artıq adladığı görünür:
“Xüsusilə, ötəngünki matçdan həm əvvəl, həm də oyunu gedişatında bu açıq-aydın görünürdü. “Neftçi” özünün artıq ənənələşmiş probleminin öhdəsindən gələ bilmir. Burada əsas problem ondan ibarətdir ki, komandada sözü bir nəfər deyil, bir neçə rəhbər deyir. Rəsmi şəkildə kimsə klubun prezidenti, rəhbəri olsa belə onun tapşırıqları birbaşa şəkildə yerinə yetirilmir, klubun içərisində qütübləşmə var. Bu qütübləşmə artıq komanda daxilinə də keçib. Komanda daxilində də artıq bu hal görsənir. Bunun da səbəbi birbaşa olaraq idarəetmədə olan səhvlərdir”.
K.Məstəliyev qeyd edib ki, komandanın əlinin altında olan tranferlərdən də doğru istifadə olunmur:
“Transferlərə gəlincə, bu gecikə də bilər, tez də ola bilər. Məsələ ondadır ki, komandanın əlinin altında olan tranferlərdən də doğru istifadə olunmur. Bunu baş məşqçi Qriqorçukun da üzərinə yıxmaq olar. Bu işdə onun da günahı var. Amma bu proses elə bir mərhələyə gəlib çatıb ki, artıq baş məşqçidən də nəsə soruşa bilmirik. Bir klubda neçə rəhbər olar? Təsəvvür edin ki, bir baş rəhbər var, onun Müşahidə Şurası, üzvləri, daha sonra komanda daxilində Zaur Əzizov, Kamil Məmmədov və başqaları hərəsi ayrıca bir xətt aparır. Hərəsinin öz fəlsəfəsi, baxış bucağı var və buna uyğun olaraq da addımlar atırlar. Bir klubda yalnız bir söz deyilmir, yaxud da deyilən bir söz sona qədər doğru şəkildə yerinə yetirilmir deyə, iki, üç, dörd, beştirəlik yaranır. Bu da birbaşa olaraq komandaya öz təsirini göstərir. “Neftçi”də vahid rəhbərlik olmadığına görə, həmişə problemlər olub və bundan sonra təəssüf ki, olacaq da”.
Mütəxəssis əlavə edib ki, Roman Qriqorçuk həm Azərbaycan da, həm də ölkəmizdən kənarda özünü sübut etmiş mütəxəssislərdəndir:
“Baş məşqçi zəifdirmi? Xeyr. Roman Qriqorçuk həm Azərbaycan da, həm də ölkəmizdən kənarda özünü sübut etmiş mütəxəssislərdəndir. Əgər burada onun hər hansı bir işində ona mane olunursa, o zaman komandanın uğurundan danışmaq düzgün deyil.
Mövsüm başlayandan bu günə qədər baxaraq proqnoz versək, onları bu il də çempionluq gözləmir. Baxmayaraq ki, onların büdcəsi, hər cür infrastrukturu var. “Neftçi”nin bütün mənalarda şəraiti, imkanı “Qarabağ”dan daha yaxşıdır, lakin “Qarabağ”la rəqabətdə onlara heç yaxın da dura bilmirlər”.
İsmayıl Bakuvi