Neftin bahalaşması ilə artan “PLANSIZ” GƏLİR: “Həmin pullar büdcə kəsirinin aradan qaldırılmasına, yaxud da…” – ŞƏRH

“Dövlət mövcud büdcə kəsirini örtmək üçün ya borclanmalı, ya da əlavə mənbələr tapmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son həftələrdə dünya bazarında neftin bahalaşması sayəsində Azərbaycanın əldə edəcəyi “nəzərdə tutulmayan” gəlirlərin mümkün təyinatını şərh edən iqtisadçı Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanın neft gəlirlərinin artması ilk növbədə 2021-ci il dövlət büdcəsindəki kəsrlərin aradan qaldırılmasına yönəldilə bilər:

“Neftin bahalaşması ölkənin xalis gəlirlərinin və valyuta ehtiyatlarının artmasına səbəb olur. Əlbəttə, əgər bu il üçün dövlət büdcəsi haqqında qanuna yenidən baxılsa və xərclərin müəyyən məbləğdə artırılmasına qərar verilsə, o halda həmin gəlirlər bu istiqamətə yönəldilə bilər.

Bildiyiniz kimi, builki büdcəmizdə kifayət qədər böyük həcmdə kəsir var. Dövlət mövcud büdcə kəsirini örtmək üçün ya borclanmalı, ya da əlavə mənbələr tapmalıdır. İndiki halda neftin bahalaşmasından əldə olunan əlavə gəlir büdcə kəsirinin aradan qaldırılmasına sərf olunacaq, xərclər mümkün qədər tam həcmdə qarşılanacaq.

Hətta ola bilsin, bu gəlirlər o qədər çox olsun ki, qalan vəsait dövlətin ehtiyatına yatırılsın və ya xüsusi qərarla hansısa mühüm layihənin icrasına sərf edilsin. Təbii ki, bütün hallarda neftin bahalaşması ölkənin maliyyə durumuna müsbət təsir göstərəcək”.

A.Zeynalov