“Ticarət müharibələri, istehsal prosesinin zəifləməsi, İran və Liviya ətrafında cərəyan edən proseslər neftin qiymətinin kəskin azalmasına gətirib çıxarıb”.
Bu sözləri OilGas.az-a açıqlamasında son iki gündə dünya birjalarında neftin qiymətinin əhəmiyyətli dərəcədə enməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
“Son iki gündə dünya birjalarında neftin ucuzlaşması bir neçə səbəbdən qaynaqlanır. Bildiyiniz kimi, bu həftə ticarət müharibələrinin kəskinləşməsi müşahidə olundu. Hazırda Çinlə ABŞ arasında ticarət savaşı daha da qızışıb. Onlar bir-birinə qarşı həm gömrük, həm də əlavə vergi yükü tətbiq edəcəklərini açıqladılar. Ehtimallar var ki, bu ticarət müharibələri sonda dünya iqtisadiyyatının zəifləməsinə gətirib çıxaracaq. İqtisadiyyat, istehsal zəiflədikcə neftə olan tələbat da azalır. Həmin səbəbdən ticarət savaşları fonunda neftin qiymətində son günlər belə ucuzlaşma tendensiyasını müşahidə edirik.
Digər səbəb Liviya ilə bağlıdır. Bu ölkədə iki gün bundan əvvələ qədər hasilat azalırdı. İki gün öncə isə Liviyada neftlə zəngin yataqlarda nəhayət ki bir sabitlik yarandı. Liviya dövləti hasilatın artırılması ilə bağlı açıqlama verdi. Onun əsasında yaxın gələcəkdə Liviyada doğrudan da, hasilatın artacağı gözlənilir. Həmin amil də neftin ucuzlaşmasına təsir edib.
Başqa səbəb isə İranla bağlıdır. İrana qarşı ABŞ-ın ciddi sanksiyalar tətbiq edəcəyi gözlənilir. Hətta ABŞ İrandan neft almağa qadağa qoyacağını da bəyan edib. Amma Çin və Rusiya İranla bağlı sanksiyaya qoşulmayaraq, ondan neft alacağını bildirib. Bu da onu deməyə əsas verir ki, ABŞ sanksiyalarına rəğmən, İran nefti də dünya bazarlarına çıxacaq. Rusiya cənub ölkəsindən alacağı nefti digər ölkələrə satmaqla pul qazanmağı düşünür. Bu istiqamətdə Moskva Tehranla razılaşıb. Həmin xəbərlər də neft qiymətlərinə kəskin zərbə vurdu və qiymət 4 gün bundan əvvələ nisbətən təxminən 7-8 faiz aşağı endi.
Anoloji proses indi də davam edir. Səhər birjalar açılandan Brent markalı neftin qiyməti artıq 73,60 dollaradək düşüb. Vəziyyət ondan xəbər verir ki, mövcud durum hələ davam edəcək və qiymət getdikcə daha çox ucuzlaşacaq”.
N. Cəfərli “qara qızıl”ın qiymətinin 70 dollardan aşağı enəcəyini də istisna etməyib:
“Qiymətin yaxın dönəmlərdə 70 dollardan da aşağı düşməsi ehtimalı var. Amerikada neft buruqlarının statistikası açıqlanmalıdır. Neft buruqlarının sayında kəskin artım olarsa, elə bu gün gecə saatlarında neftin qiymətində yenidən kəskin azalma görə bilərik. Bu müstəvidə qiymətin 70 dollardan da aşağı düşməsi ehtimalı mövcuddur”.
Qeyd edək ki, son iki gündə neftin qiymətində əvvəlki günlərdən fərqli olaraq azalma tendensiyası müşahidə edilir. Belə ki, iki gün bundan əvvələ qədər dəyəri 79 dollara çatan Brent markalı neftin qiyməti dünən 76, indi isə artıq 73 dollaradək aşağı düşüb. Anoloji vəziyyət özünü “AzeriLight” markalı neftdə də göstərir. Onun qiyməti 80 dollardan, ötən gün 77, bu gün isə 74,75 dollara enib.