Hazırda dünyada cərəyan edən bir sıra hadisələr əslində neftin qiymətinin bahalaşmasına rəvac verə bilən amillərdir. Məsələn, Qətər ətrafındakı gərginlik, Suriyada vəziyyətin pis olaraq qalması, hətta burada ABŞ-la Rusiya arasında açıq qarşıdurmanın başlana biləcəyilə bağlı səslənən fikirlər, ən başlıcası isə OPEC-in Vyana sazişinin müddətini uzatması əslində “qara qızıl”ın qiymət baxımından artmasına stimul yaradan proseslərdir. Lakin son dövrlər bunun əksini müşahidə edirik, neftin qiyməti aşağı düşür. Hazırda bir barel neftin qiyməti London birjasında 46 dollara qədər enib. Buna səbəb nədir?
Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev OilGas.az-a açıqlamasında bildirdi ki, OPEC-in qiymət artımına nail olmaq üçün atdığı addımlara rəğmən bir sıra fundamental amillər neftin qiymətinin ucuzlaşmasına rəvac verib: “Əvvəlki müsahibələrimdə qeyd etmişdim ki, artıq avqust ayına yaxın neftin qiymətində kəskin azalmalar olacaq. Ona görə də nə Suriyada, nə Qətər ətrafında baş verən hadisələr neftin qiymətinə təsir edə bilməz. Mart ayından başlayaraq neftin qiymətində müəyyən sıçrayışların olmasına gəldikdə, bu, fundamental amillərlə bağlı deyil. Həmin artım sadəcə olaraq spekulyativ addımlar, bazarı qızışdıran şirnikləndirici vəd və bəyanatlarla bağlı olub. Əslinə qalsa, neftin qiyməti hazırda 40 dollardan da aşağı olmalıdır. Neftin qiymətinin hazırda ucuzlaşması bir neçə fundamental səbəblərdən qaynaqlanır.
İlin əvvəlindən OPEC bəyan edirdi ki, cari ildə neftə olan tələbat keçən illə müqayisədə daha yüksək olacaq. Onların rəyinə görə keçən illə müqayisədə sutkalıq tələbat təxminən 1,3 milyon tondan yuxarı olmalıdır. Lakin bunun şahidi olmuruq. “Qara qızıl”a olan tələbat elə də yüksək həddə deyil.
ABŞ-da isə qazma aktivliyi durmadan artır. 2015-ci ilin mart-aprel ayından başlayaraq ABŞ-da yüksək sürətli qazma aktivliyi müşahidə olunur. Belə vəziyyət qarşıdakı aylarda da davam edəcək. Qazma aktivliyi fonunda ABŞ-da hasilat həcmi də çoxalaraq sutkada 9 milyon 340 min barelə yaxınlaşıb. Qarşıdakı iyul ayında isə əlavə olaraq hasilatın daha 140 min barel artırılacağı gözlənilir. Bunun qarşılığında beynəlxalq bazarlarda neft qiymətinin artma imkanları olduqca məhduddur.
OPEC üzvləri olan Liviya və Nigeriyada da neft hasilatı durmadan artır. Bu gün Liviyada sutkalıq neft hasilatı 885 min bareldən yuxarıdır. İlin sonuna doğru bu rəqəmin 1 milyon barelə çatacağı da istisna deyil. Liviyada hazırda müşahidə edilən sutkalıq neft hasilatı həcmi ərəb baharından bu yana ən yüksək göstəricidir.
Bəziləri düşünürdü ki, Vyana sazişindən sonra dünya üzrə neft həcmlərində azalmalar baş verəcək. Amma bunun əksini müşahidə edirik. Tək üzən gəmilərdə neft həcmi 11 milyon barelə çatıb. Bu da dünyanın neftə olan bir günlük tələbatından artıq həcmdir. Belə olan təqdirdə neftin qiymətində hər hansı bir sıçrayış gözləmək sadəlövhlükdür.
May ayından başlayaraq Asiya-Sakit okean bazarının əsas oyunçularından olan Hindistan və Yaponiyada neftə olan tələbat azalıb. Hindistanda may ayı ilə müqayisədə iyun ayının əvvəlində sutkalıq neft idxalı 4 faizdən aşağı düşüb. Qarşıdakı aylarda da idxalın azalması tendensiyası davam edəcək. Çünki Hindistandakı enerji şirkətlərinin aktivlərində olan emal güclərinin çoxunda modernləşdirmə, texniki baxışlarla bağlı fasilələr və ixtisarlar ola bilər. Yaponiyada da iyun ayında sutkalıq neft idxalı ötən aya nisbətən 14 faizə qədər aşağı düşüb. Çində də anoloji prosesdir. Deməli, bazarlarda kifayət qədər sərbəst neft həcmləri olacaq. Əsas məsələ odur ki, başlıca ixracatçı dövlətlər, Səudiyyə Ərəbistanı, BƏƏ, İran, İraq və Rusiya beynəlxalq neft bazarlarında aqressiv marketinq siyasəti yürüdürlər. Onlar mövcud bazarları əllərində saxlamaq üçün daima satış qiymətlərində endirimlərə gedirlər.
Məsələ ondadır ki, treyder və bazar oyunçuları Vyana sazişi və digər şirnikləndirici vədlərə artıq inanmırlar. Rezervlərdə kifayət qədər, normadan artıq neft həcmləri mövcuddur. Dünyanın hazırkı iqtisadi inkişafı da həmin neft həcmlərini həzm etmək qabiliyyətinə malik deyil. Bütün bunlara əsasən demək olar ki, yaxın 8 ayda neftin qiymətində sıçrayışlar olmayacaq”.