Dünya bazarında neftin qiyməti 65 dolları keçib. Hətta proqnozlara görə, yaxın günlərdə Brent markalı neftin bir barelinin dəyəri 67 dollara yüksələcək. İlin sonunadək neft qiymətlərinin 70 dollara çatacağına dair iddialar da var.
Görəsən, neftin qiymətində baş verən bahalaşma nə ilə bağlıdır? Qiymətin ilin sonuna doğru 70 dollara çatacağını gözləmək olarmı?
OilGas.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ilin sonuna doğru neft qiymətlərinin 70 dollara çatacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir:
“Bu günlərdə neft qiymətlərinin bahalaşaraq 65 dolları keçməsinə əslində iki əsas fundamental səbəb təsir göstərib. Noyabr ayının 30-da OPEC ölkələrilə kartelə üzv olmayan digər neft dövlətləri hasilatın azaldılmasına dair bağlı Vyana anlaşmasını 2018-ci ilin sonuna qədər uzatmaqla bağlı qərar verdilər. Bu qərar bazarlara təsir göstərdi. Neft bazarına OPEC-ə üzv olmayan ölkələrdə hasilatın artmayacağına dair siqnal ötürüldü. Bu siqnal da neftin qiymətinin artmasına gətirib çıxartdı. Bahalaşmada rol oynayan ikinci amil isə siyasi gərginliklə bağlıdır. Belə ki Səudiyyə Ərəbistanı ilə Yəmən arasında gərginlik yaşandı.
Yəməndən bir neçə raketin Səudiyyə Ərəbistanına atılması xəbərləri yayıldı. Səudiyyə isə dünya neft hasilatında ən önəmli yer tutan ölkədir. Onun gündəlik hasilatı 10 milyon barelə yaxındır. Dünyada hər gün bazara çıxarılan neftin az qala 10 faizini məhz Ər-Riyad verir.
Ona görə də Ər-Riyadla Səna arasında yaşanan siyasi gərginlik də neftin qiymətinə ciddi təsir etdi. Amma bu qərarların davamlı olması üçün bir neçə ay ərzində hasilatın həqiqətən də artmaması lazımdır. Hələlik isə görünən odur ki, bu qərarlardan ən çox faydalanan dövlətlərən biri ABŞ-dır.
Çünki qiymət yüksəldikcə Amerikada hasilat da artır. Son bir ildə ABŞ hasilatı 1 milyon barel artırıb. Ötən ilin noyabr-dekabr aylarında ABŞ-da gündəlik 8,6 milyon barel neft hasil edilirdisə, indi bu rəqəm 9,6 milyonu da ötüb. Ona görə də, Amerikada gedən proseslər neftin gələcəyinə təsir göstərən əsas amillərdən birinə çevriləcək.
Həmçinin FED-in toplantısında verilən qərarlar da dolayısı ilə prosesə təsir edə bilər. Çünki FED uçot dərəcəsi üzrə faizi artırdıqca, dollar dünya bazarında daha da bahalaşacaq. Bu da dolayısı ilə neftin qiymətinin kəskin artmasının qarşısını ala biləcək amillərdən olacaq. Bu nöqteyi-nəzərdən gələn il üçün neftin qiymətinə dediyim kimi əsasən iki amil təsir edəcək. Amma ilin sonuna qədər bəzilərinin iddia etdiyi kimi neftin qiymətinin 70 dollarlıq səviyyəyə çatacağını düşünmürəm.
Bunun baş verməsi üçün ciddi proseslər baş verməli, hərbi münaqişələr daha da gərginləşməli, yeni münaqişə ocaqları yaranmalıdır ki, ondan qaynaqlanaraq qiymət sıçrayışı da baş versin. Amma təbii axınla neftin qiymətinin ilin sonuna qədər 70 dollara çatacağını gözləmək əbəsdir. Çünki prosesdə FED-in qərarları və ABŞ-dakı hasilat prosesi də rol oynayır. Onların qərarları ilin sonuna doğru neftin qiymətinin hansı istiqamətdə cərəyan edəcəyinə həlledici təsir göstərəcək”.