Neftin “uçan” qiymətləri və büdcə PROQNOZU: “O rəqəmin arxasında müəyyən əsaslandırma varsa…” – Sabit Bağırov

“O iş həmin hesablamaları aparan insanların fond birjaları ilə işləmək və qiymətləri izləmək təcrübəsinə bağlıdır”.

Bu fikirləri 2022-ci il dövlət büdcəsi layihəsində neftin qiymətinin 45 dollardan hesablanmasının nə dərəcədə optimal olduğunu dəyərləndirən Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, istənilən halda neft bazarı üçün verilən proqnozlar heç vaxt özünü doğrultmur:

“Bilirsiniz, burada mühafizəkar və ya hər hansı başqa yanaşmaya yox, real hesablamalara əsaslanmaq lazımdır. Hər halda, bu, müvafiq dövlət strukturlarının məsuliyyətinə daxil olan məsələdir və yəqin ki, bu göstərici hesablanıb. Aydın məsələdir ki, hesablama olmadan belə bir proqnoz irəli sürülməzdi.

Gələn ilin büdcə layihəsində neftin qiyməti üzrə proqnoz, ola bilsin, az görünür. Amma o rəqəmin arxasında müəyyən əsaslandırma varsa, mən ona əsasən fikir söyləyə bilərdim ki, bu, nə dərəcədə dəqiqdir və bütün faktorlar nə dərəcədə nəzərə alınıb. Mən özüm bu istiqamətdə qiymətləndirmə aparmadığım üçün konkret fikir söyləyə bilmirəm.

Bu rəqəmi nə qədər optimal saymaq olar? Axı bu məsələdə optimal qiymət nə deməkdir? Azərbaycan üçün neftin optimal yox, maksimum qiyməti əlverişlidir. Lakin neft bazarı üçün verilən proqnozlar heç vaxt özünü doğrultmur. Ona görə də məsələyə bu və ya başqa səviyyədə yanaşmaq olar. Bu iş həmin hesablamaları aparan insanların bilik və bacarığına, onların fond birjaları ilə işləmək, qiymətləri izləmək təcrübəsinə bağlıdır”.

A.Zeynalov