Rusiya İstintaq Komitəsi Boris Nemtsovun öldürülməsi ilə bağlı “qətl” və “qanunsuz silah gəzdirmə” maddələri əsasında cinayət işi başlayıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, təhqiqat qrupu qətlin səbəbi ilə bağlı bir neçə versiya üzərində çalışır. Onlar qətlin xarici sponsorların göndərdiyi pulların bölüşdürülməsi ilə bağlı narazılıq, Nemtsovun sevgilisi, ukraynalı model Anna Duritskayanın abort edilməsi ilə bağlı məişət zəminində narazılıq versiyaları üzərində çalışırlar. Hüquq-mühafizə orqanları Nemtsovun Yaroslavl Vilayət Dumasının deputatı postuna gördüyü işləri, onun biznes fəaliyyətini araşdırır, qətlin şəxsi ədavət zəminində törədilə biləcəyi versiyasını da nəzərdən keçirirlər. Nemtsovun ailəsinin vəkili qeyd edib ki, son zamanlar naməlum şəxslər müxalifət liderini təhdid edirmiş.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nemtsovun qətlini Kremlə qarşı təxribat kimi dəyərləndirib. O bildirib ki, Nemtsov Kreml üçün siyasi baxımdan heç bir təhlükə kəsb etmirdi. Peskov öldürülən müxalifət liderinin reytinqinin orta statistik rusiyalının reytinqindən yüksək olmadığını deyib. Nemtsovun partiya yoldaşları isə qətlin siyasi xarakter daşıdığını və qisas aktı olduğunu qeyd ediblər. Ombudsman Ella Pamfilova da qətli pisləyib və Nemçovun öldürülməsini Rusiyaya arxadan vurulan zərbə kimi dəyərləndirib. Litva prezidenti Darya Qribauskayte isə qətlə görə Vladimir Putini günahlandırıb. Britaniyanın Rusiyadakı səfiri Ton Brenton isə bəyan edib ki, Nemtsov rejimin qurbanı olub. ABŞ prezidenti Barak Obama Boris Nemtsovu səmimi demokrat adlandırıb və ailəsinə başsağlığı verib.
Hüquq-mühafizə orqanlarındakı mənbələr “İnterfaks”a bildiriblər ki, Nemtsov izlənirmiş və onun hərəkət marşrutu qatillərə yaxşı məlum olub.