!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəqliyyat sahəsinin həllini tapmayan daha bir PROBLEMİ - Ekspertdən ÇIXIŞ YOLLARI

!Reklam – Yazi

“Nəqliyyatla bağlı istənilən problemin həlli ictimai nəqliyyatın inkişafından keçir”. 

Yenicag.az xəbər verir ki, bunu ölkəyə gətirilən hibrid avtomobillərə görə, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerjisi doldurucularına görə ƏDV-nin ləğv edilməsi barədə qərarı dəyərləndirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Ekspertə görə, nəzərdə tutulan dəyişikliklərin baş verəcəyi gözlənilən idi:

“Bu qərar həm 2018-ci ilin dekabrında qəbul edilən “Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı”ndan irəli gələn tələbdir, həm də son dövrlərdə yaranmış zərurətdir. Güzəştlərin istehsal tarixi 3 ildən və mühərrikinin iş həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərə növbəti 3 il müddətində aid olduğu deyilir. Yeni hibridlər kifayət qədər baha olduğundan bu güzəştdən sonra hibridlərə münasibətdə ajiotaj gözlənilməsə də, hər bir halda hibridlərə maraq artacaq.

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerjisi doldurucularına görə ƏDV-nin ləğv edilməsi isə bu tipli avtomobillər üçün infrastruktur yaradılmasına təkan verməklə onlara marağı artıracaq. Bütün bunlar avtomobil nəqliyyatı parkımızın ekoloji zərərini tədricən azaladacaq. Avtomobillərin yenilənməsi yollarda təhlükəsizliyi də tədricən artıracaq”.

Ərşad Hüseynov hesab edir ki, elektrikli avtomobillərə və hidridlərə keçidi stimullaşdıran digər tədbirlər də görülməlidir:

“Elektrikli avtomobilləri və hidridləri populyarlaşdırmaqla bərabər köhnə avtomobillərin utilizasiyasına da ləngimədən başlanmalıdır. Utilizasiya proqramı qəbul edilməli, yeni və müasir avtomobillərə marağı artırmaqla bərabər, köhnə və yarasız avtomobillər tədricən istifadədən çıxarılmalıdır. Həmçinin ölkəmizdə, xüsusən də paytaxtda və digər böyük şəhərlərdə əhalinin mobilliyinin müasir, ekoloji baxımdan daha təhlükəsiz, rahat və əlverişli üsullarının genişlənməsi istiqamətində ciddi işlər görülməlidir. Nəhayət ki, velosipedi real nəqliyyata çevirmək üçün işlərə başlamalıdır. Piyadalar üçün əlverişli hərəkət mühitini korlayan problemlər aradan qaldırılmalı, cəngəlliksayağı şəhərsalma və məskunlaşma dayandırılmalıdır. Bunları etməsək, bu gün tıxacda dayanan daxili yanma mühərrikli avtomobilləri sabah daha pis və dözülməz tixacda elektromobillər əvəzləyəcək.

İctimai nəqliyyata çox ciddi diqqət yetirilməlidir. Ölkəmizdə aşkar avtobus çatışmazlığı var. Nəqliyyatla bağlı istənilən problemin həlli ictimai nəqliyyatın inkişafından keçir. Ona görə də yaxşı olar ki, dizel mühərrikli avtobuslar üçün 3 il əvvəl tətbiq edilən aksiz vergisi ləğv edilsin ki, Bakının, Gəncənin, Yevlaxın və s. avtobus parkı həm yenilənsin, həm də marşrutlar artırılsın. Məsələ bundadır ki, çox zəif durumda olan daşıyıcılar dünyada ən bahalı avtobuslar olan elektrobusları və CNG ilə işləyən avtobusları ala bilməyəcəklər. Bu boyda ölkənin avtobus parkını dövlətə yük etmək çox ciddi səhv olar. İctimai nəqliyyatın çeşidi, şəbəkəsi artırılmalı, avtobus parkı yenilənməli, sürücü kontingenti peşəkarlaşmalı, bir sözlə, komfort və əlçatanlıq hərtərəfli artırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv