!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəriman Həsənzadə: O poemaya görə həyat yoldaşımı itirdim...

!Reklam – Yazi

Nəriman Həsənzadə sevgi şairidir. Həyatda daim itkilərlə üzləşən, heç bir zaman nikbinliyindən qalmayan “Şərəf” ordenli Azərbaycanın xalq şairi, dramaturq Nəriman Həsənzadənin şeirləri saysız-hesabsızdır. Görkəmli şair hər zaman insani dəyərləri üstün tutan şəxsiyyətlərdən biridir.

Xalq şairi ilə söhbətimiz ayaqüstü oldu. Buna baxmayaraq, şair böyük sevgi və diqqətlə suallarımızı dinləyib, səbrlə cavablandırdı. Hətta söhbət əsnasında “Sizə ikinci müsahibə də verəcəyəm”, dedi.

Nəriman Həsənzadənin Yeniçağ.az-a müsahibəsini təqdim edirik:

– “Nəriman” poemanıza nəzər saldım. Həmin poema necə yarandı? Eşitdiyimizə görə, siz həmin poemanı “başıbəlalı” adlandırmısız. Səbəbi bizə də maraqlıdır.

– Qədim yunan filosofu Siseron deyirdi ki, adlar- insanın taleyidir. Həqiqətən belə imiş. O böyük şəxsiyyətin adını daşıdığıma, onun yazıçılıq yolunu tutduğuma, həm də ondan əsər yazdığıma görə mən də az əziyyət çəkmədim. Məsələ burasındadır ki, bu böyük vətənpərvəri düşmənlər “millətçi” kimi qələmə vermişdilər. 1957-ci ildə Azərbaycan Yazıçılar İttifaqı rəhbərliyindən Respublika KQB idarəsinə məktub aparmışdım ki, mənə dövlət arxivlərində işləmək üçün icazə versinlər. O vaxt məni dənizkənarı KQB idarəsində Ulu Öndərimiz qarşıladı. Orada şöbə müdiri idi. Ucaboy, yaraşıqlı, möhkəmbədənli gənc vəzifə sahibi idi. Apardığım məktubla tanışlıqdan sonra üzündə bir təbəssüm oyandı. Hiss etdim ki, yazmaq istədiyim Nəriman mövzusu onun da ürəyindəndir. Mənə hər cür qayğı göstərdi. Amma dövlət arxivinin şöbə müdiri Naydel soyadlı bir yəhudi narahat olmuşdu. “Hansı materialdan istifadə edəsi olsanız, bizə də məlumat verməlisiniz”,- dedi. Qeyd dəftərçəmi səhifələdi və bir-bir öz möhürünü vurdu. Arxivdə işlədiyim müddətdə gördüm ki, (Lenin muzeyi adlanırdı) mən axtardığım mənbələrin əksəriyyəti yoxdur. Misal üçün Demokratik Respublika dövründə Azərbaycan- erməni sərhədində gedən döyüşlərdən azərbaycanlı generallarımızın vurduğu teleqramların əsli yox idi. Sonralar öyrəndim ki, bu sənədləri dövlət arxivlərində işləyən erməni, rus, yəhudi nümayəndələrindən olan işçilər aparıblar. Teleqramların əslini onların evlərində gördüm. Səbəbini soruşduqda məlum oldu ki, “arxivdə itməsin” deyə “itirmişdilər”. Nərimanovun Sovet dövründə siyasi fəaliyyətinə ikili münasibət olduğu üçün əsəri çap etdirmək də çətin idi. Azərbaycan KP MK-nın ideoloji katibi məni günahlandırırdı ki, həmin dövrdə Bakı Sovetinin sədri Şaumyan ola-ola nə üçün əsərdə baş qəhrəman Nərimanı vermişəm. Moskvanın “Sovetskiy pisatel” nəşriyyatında çapa hazırlanan “Nəriman” poemamın əlyazmasını ixtiyarları olmaya-olmaya nəşriyyatın mətbəəsindən tələb edərək Bakıya, o vaxtkı Mərkəzi Komitəyə gətirmişdilər.

Bəlkə su çıxsaydı yerin dibindən,
Ayaqlar altında qalmazdı vətən.

Yaxud:

Nəriman” dedikcə nərimanlaşıb,
özüm də dəyişdim bu neçə ildə…

Bu kimi onlarca belə misraları mənə irad tuturdular.

“Nərimanlaşmaq yox, Leninləşmək lazımdır”,- deyə üstümə düşürdülər. Poemamdan 1400 misra ixtisar edildi. “Azərnəşr” adlı dövlət nəşriyyatının direktoru Qılman İlkin və kitabın redaktoru şair dostum Eyvaz Borçalı mənim tərəfimdə idilər.

– İxtisar edilən poemanın axırı necə oldu?

– Əlbəttə, millətimizin böyük oğlu, əsl azərbaycanlı Heydər Əliyev məni müdafiə etməsəydi əsər üzə çıxmazdı. Məni siyasi baxımdan ittiham edirdilər.

… Bu heykəl qoyanın əli qırılsın,
qaldı torpağımız daşımız üstə.

Yaxud:

…İstəməm ingilis azadlığını,
ya rusun aferist azadlığını … və sair bu kimi obrazların dili ilə deyilən sözləri mənim adıma yazırdılar.

Ulu Öndərimiz bürodakı çıxışlarının birində demişdi ki, poema necə yazılıbsa, eləcə də çap olunmalıdır. Lakin artıq gec idi. O zamankı senzura ixtisar etdiklərini elə “gizlətmişdi” ki, yuxarıda dediyim o misraları bərpa edə bilmədim. Sonralar bu poemanın əsasında “Bütün Şərq bilsin” adında məzmun pyes yazdım. Akademik Milli Teatrın rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov onu Sumqayıt Dövlət Teatrında tamaşaya qoydu. Akademik Milli Dram Teatrının səhnəsində Nərimanov obrazını Xalq artisti Məlik Dadaşov yaratdı. Həmin əsər Moskvada V. Mayakovskiy adına Dövlət Dram Teatrında da göstərildi və yüksək qiymət aldı. Əslində birinci dəfədir ki, mən bu barədə danışıram.

– 1956-cı ildə “Dostlar gözləyir məni” adlı kitabınız çap olunub. Dostlar bu gün də sizi gözləyir?

– O dostlarımın sayı bu gün çoxdur. Elə siz özünüz də o dostların sırasında deyilsinizmi? (gülür)

– On ildən sonra, yəni 1966- cı ildə “Yadına düşəcəyəm” kitabını çap etdirmisiniz? Kimin yadına düşməyi nəzərdə tutmusunuz?

– Əlbəttə ki, oxucularımın…

– “Ömürdən möhlət istəyirəm”… İstədiyiniz möhlətdə arzularınızı həyata keçirtdiniz?

– İnsan istədiyini yox, adətən, bacardığını həyata keçirdə bilir. Mən də o cürə (gülümsəyir).

– “Taleyin töhfəsi” nə oldu sizə?

– Məni təbrik elədilər
başsağlığı əvəzinə.
Mat qaldım mən
taleyin bu töhfəsinə.

– Yazdığınız poemalar arasında həyat yoldaşınıza həsr etdiyiniz var?

– “Kimin sualı var” poemasını ona həsr etmişəm. Bu əsərə görə də onu itirdim. Müalicəsi mümkün olmayan xəstəliyə tutuldu. O vaxtkı Yazıçılar İttifaqı bu poemaya görə mənim məhkəməmi qurdu. Həyat yoldaşım məndən xəbərsiz məhkəməyə gəlib, İttifaqın Birinci katibinə ağır sözlər deyib və bu stressdən sonra huşunu itirmişdi. Düzdü, mən bu vəziyyəti gözləmirdim. Mərhum qələm dostlarım Cabir Novruz və Xalidə Hasilova onun qoluna girmişdilər.

– Səbəb nə idi?

– İttifaqın katiblərindən biri poemada oxuduğu misraların altından xətt çəkib məni ittiham edirdi ki, guya əsəri dövlətin, partiyanın əleyhinə yazmışam. Belə bir şey yox idi. Mən onda Yazıçılar İttifaqının orqanı “Ədəbiyyat və İncəsənət” (indiki “Ədəbiyyat “qəzeti) qəzetinin Baş redaktoru vəzifəsində işləyirdim. Ölkə rəhbəri Heydər Əliyev özü təyin etmişdi. Respublikada ilahi bir ürək sahibi və böyük nüfuzu olan akademik Həsər Əliyev təsadüfən redaksiyaya gəlmişdi. O, hadisədən xəbər tutdu və redaksiyanın telefonu ilə İttifaqın Birinci katibinə zəng vurdu. Çox sərt danışdı. Mənim poemamı oxuduğunu və bəyəndiyini bildirdi. Artıq işdən getməyim barədə ərizəmi yazmışdım. Eşitdim ki, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mənim məhkəmə məsələmi eşidəndə bərk təəssüflənibmiş.

– Bəs Heydər Əliyev haqqında kitab çap etdirmisiniz?

– Bəli… Bu yaxınlarda çap etdirdiyim “Mənim ədəbi taleyim” adlı kitabımı o böyük insanın xatirəsinə həsr etmişəm. Kitabın əvvəllində isə belə bir epiqraf vermişəm: “Heydər Əliyev şairi- şairdən,yazıçını-yazıçıdan qoruyurdu”. Mən bu hissləri özüm yaşamışam. Mənim qarşıma həmişə yaxşı insanlar çıxıb (kövrəlir).

– Həyat yoldaşınız Sara xanımı itirmisiniz. Onun itkisindən illərdir keçir. Yəqin ki, bu itki ilə barışa bilmisiniz?

– Qadın kişinin taleyidir. Bir şeirimin son bəndi də belədir:

Məhəbbət ailə-əyləncə deyil,
bir ömür sürmüşəm, bir gecə deyil.
Mən necə unudum, bu, məncə deyil,
əslimi-nəslimi necə unudum? Və necə barışım?
Təbiət, tale çox amansızdır… (kövrəlir)

– Tanışlığınızdan söhbət edin…

– Biz Gəncədə bir evdə böyümüşük. Bacımın yoldaşı ilə Saranın atası dost idi. Beş yaş ondan böyük idim. Mən indiki Gəncə Pedaqoji Universitetində oxuyanda, o orta məktəb şagirdi idi. Xoşuma gələn qızlara baxmağa onu göndərirdim. O da gəlib, hərəsinin bir nöqsanını deyirdi. Sonralar hiss etdim ki, mənə münasibəti başqa imiş. Açıb deyə bilmirmiş (gülür).

– Şeirlərinizə tam baxmasam da, bəzilərini oxudum. Çox kədərli misralar var. Yəqin ki, o misralar Sara xanımın itkisi ilə əlaqəlidir?

– O qəm – həyata, yaşayışa çağırışdır. “Qəm” dediyiniz bağda çiçək əkirəm. ətri sizindir. Muğam qəm deyilmi? Biz onu eşidəndə fərəhlənmirikmi?

– Yazmadığınız nələrsə qalıb və ya nələri yaza bilməmisiniz?

– “Nələrsə” qalıb, “nələri” isə yazmalıyam. Sağlıq olsun, Tanrı mənə möhlət versə. Mən tanrıya həmişə inanmışam, əgər ömür vəfa etsə sizə bu barədə ikinci müsahibəni verəcəyəm.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

9487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv