Nərimanov Məhkəməsi qanunu pozdu – Həkim və ədalətin cəzasızlıq mühiti

Tanınmış telejurnalist, aparıcı Günel Gözəlovaya edilən haqsızlıq, həyat yoldaşının həkim səhlənkarlığı nəticəsində ölümlə üzləşməsi və ancaq möcüzə nəticəsində həyatda qalması ictimaiyyətə məlumdur.  

Xatırladaq ki, jurnalistin həyat yoldaşı Anar Gözəlov böyrək daşı əməliyyatına girib, 6 saata yaxın davam edən əməliyyatdan sonra cərrahiyyə otağından beyinin ikitərəfli insultu ilə çıxarılıb. Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında 6 aydan çox davam edən məhkəmə işi ilkin instansiyada tamamlanıb. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev iddiaçı tərəfin cavabdeh qismində göstərdiyi həkim-uroloq Araz Bayramovu günahsız sayıb.

“Vəkilim Elçin Sadıqov 13 oktyabr 2021-ci il tarixində saat 17.00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində 1(099)-490/2021 saylı cinayət işi üzrə əvvəlcədən təyin edilmiş məhkəmə iclasında olduğuna görə bizim iddiamız üzrə aparılan məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi ilə bağlı ərizə göndərmiş və iclasın təxirə salınmasını xahiş etmişdi. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev isə ərizəni qeydiyyata almışdı. Buna baxmayaraq, hakim özü qanunu pozub, məhkəmə iclası keçirib və iddianı rədd edib. Məhkəmə iclasında ekspertiza rəyi ilə razı olmadığımız bildirərək, qanuni hüququmuzdan istifadə edib öz ekspertimizi daxil edərək növbəti ekspertiza barədə vəsatət qaldıracaqdıq. Eyni zamanda bir çox faktları ortaya çıxara biləcək xəstəlik tarixçəsini tələb edəcəkdik. Lakin Vüqar Quliyev məhkəmə iclasında bizim iştirakımız təmin edilmədən qətnamə çıxarıb. Qətnamədə isə bizim iştirakımız barədə heç nə yazılmayıb, izah verilməyib” – deyə, Günel Gözəlova bildirib.

Uzun illər dövlətə inam və sədaqətlə xidmət edən jurnalist Günel Gözəlova bu qərarı qərəzli hesab edir və Apellyasiya Məhkəməsinə müraciət ünvanlayıb.

Zəruri qeyd: Yaranmış vəziyyətlə bağlı müraciət etdiyimiz tanınmış hüquqşünas Səməd Vəkilov qeyd edib ki, iddiaçı tərəfin üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməməsi ilə bağlı müraciətinə baxılmaması və iddiaçı tərəf olmadan məhkəmənin keçirilməsi məhkəmə işində çəkişməli proses prinsipinin pozulmasıdır. Onun sözlərinə görə, məhkəmənin sədri ya bu prinsipi nəzərə alaraq iddiaçı tərəfin müraciətini əsaslandırılmış qaydada rədd etməli, ya da məhkəmənin çəkişməli proses prinsipi üzrə keçirilməsini təmin etmək üçün prosesi təxirə salmalı idi.

Qeyd edək ki, çəkişməli proses hüququ dedikdə, həm ittiham, həm də müdafiə tərəfinə qarşı tərəfin təqdim etdiyi sübutlar və fikirlərdən xəbərdar olmaq və onlarla bağlı şərh vermək imkanının verilməsi nəzərdə tutulur.

Günel Gözəlova məhkəmə qərarını qərəzli adlandırmasını bir neçə  faktla əsaslandırır. Belə ki, 2021-ci il 13 oktyabr tarixində keçirilən məhkəmədə hər şeydən əvvəl iddiaçı tərəfin iştirakı təmin edilməyib. Bundan başqa, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyində bir-birini təkzib edən qeyri-müəyyənliklər var. Nəhayət, hakimin dəqiqləşdirmə aparmaq, ədalət prinsipi çərçivəsində qərar vermək üçün şahidlərə müraciət etmək əvəzinə, tələm-tələsik qərar çıxarması sual doğurur.

“Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin rəyində yazılanlar sonda 6 nəfərdən ibarət ekspert qrupunun gəldiyi nəticə ilə bir-birini təkzib edir. Qeyd olunur: “0734579 saylı xəstəlik tarixindən görünür…” Halbuki, iddia tərəfi olaraq bizə belə bir xəstəlik tarixçəsi təqdim olunmayıb, bu sənədi görməmişik. Ümumiyyətlə, dünyada həkimlərlə bağlı heç bir məhkəmə prosesində xəstəlik tarixçəsinin orijinalı məhkəməyə və qarşı tərəfə təqdim edilmədən məhkəmə keçirilmir. Hakim Vüqar Quliyev nədənsə bu nüansı gözardı edib. Nədənsə, hakim əhalinin sağlamlığının qorunması barədə Azərbaycan Respublikası qanununun IV fəsil, maddə 25-də göstərilən “Sağlamlığın vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ”nu, eyni zamanda xəstəlik tarixçəsinin ən önəmli fakt olduğunu nədənsə unudur. Məhz bu hüquq o xəstəlik tarixçəsinin təqdimatını təmin edir,  orda qeyd olunanlarla reallığın nə dərəcə uyğunlaşdığını müəyyən etməyə kömək edir. Bu ziddiyyətli vəziyyəti araşdırmaq üçün müraciət edilən məhkəmə nədənsə şahidlərin varlığını da “unudur”!? Hər yerdə xəstədə 12 saat sonra dissosiativ pozuntunun aşkarlandığı göstərilir. Halbuki xəstəxana personalı və şəxsən mən özüm Anarın əməliyyatdan ayılan kimi anormal vəziyyətini müşahidə etdik. Amma onun bu halını göstərmək üçün Araz Bayramovu heç cür tapa bilmədim. Məhkəmə Tibbi Ekspertizanın ekspert qrupu isə həkim olmaqla yanaşı, yəqin ki ya müstəntiq, ya da falabaxandırlar. Onların rəyini oxuyanda adama elə gəlir ki, həmin dövrdə görünməz bacarıqları ilə baş verənləri müşahidə ediblər. Eyni zamanda gördüklərini də nədənsə yalan yazırlar. Araz Bayramov 12 saat sonra Anarı göstərmək üçün tamamilə başqa klinikadan nevropatoloq tapıb gətirib. Həmin nevropatoloqun təkidlə dediyi və dünyada vacib müayinə olan MRT müayinəsi isə həmin an deyil, 10 gün sonra edilib. Beyinin subarxanoidal qanaxması ən təhlükəli insult növüdür və adətən insanların 50 faizi anında müdaxilə olunmazsa bu səbəbdən həyatını itirir. Eyni zamanda, beyinin digər, ən təhlükəli yarımkürəsində işemik insult olması vəziyyəti daha da qorxulu edir. Dünya səhiyyəsi ən xırda insult problemində belə, xəstəni 40 gün nəzarətdə saxlayır və 1-5 saat ərzində MRT müayinəsi ilə beyinin durumunu müəyyən edir, vacib müdaxilə olunur. Anarda müşahidə edilən problemi isə 12 saat sonra sadəcə nevropatoloq rəyi ilə aydınlaşdırılıb. Müayinə isə ancaq mənim təkidimdən sonra olub. Təəssüf ki, başqa heç nə edə bilmədim. Çünki yeni əməliyyatdan çıxan, durumu ağır olan adamı özbaşına bir klinikadan digərinə köçürə bilməzdim” – deyə, Günel Gözəlova söyləyib.

Ekspertizanın rəyini diqqətlə oxuduqda, dəfələrlə “sənəd çatışmazlığı var” qeydinə rast gəlinir. Sanki Bakıda və Buta Klinikasında yanğın baş verib və sənədlər yoxa çıxıb. Belə olan halda ancaq sənədlərə əsasən qərar qəbul edən bu qurumun hansı haqla həkimi günahsız elan etməsi ciddi sual doğurur. O da qeyd olunur ki, xəstəyə anesteziyaya dair vərəq imzaladılıb. Halbuki, belə bir vərəq yoxdur və yəqin ki, olmayıb. Əks halda bu sənəd məhkəmədə təqdim edilərdi. Günel Gözəlova da belə bir sənəd görmədiyini söyləyir. O, əməliyyat öncəsi imzalanan sənədi təqdim edib. Bu sənəddə isə insult təhlükəsi və anesteziya ilə bağlı bir söz də yoxdur.

 

Rəydə qeyd olunan maraqlı məqamlardan biri də odur ki, sənəddə “filan müayinələr olunmalıydı” deyə ən azı 5 cümlə var.  Ancaq heç bir cümlədə qeyd edilməyib ki, məhz bu müayinələrin heç biri edilməməsi nəticəsində Anar Gözəlov ən çoxu 2 saatsa edilməsi məqbul sayılan Perkutan üsul böyrək əməliyyatında 6 saata yaxın qalması səbəbindən ölüm təhlükəsi yaşayıb (və yaşamaqdadır), bu gün anlama və nitq qüsurludur. Daha bir məqam: ekspertizanın sənədində deyilir ki, guya xəstə əməliyyatdan sonra (!) ikitərəfli beyin insultu keçirib. Günel Gözəlova isə qeyd edir ki, Anar Gözəlov əməliyyatdan ayılandan sonra artıq heç kəsi tanımayıb, danışa bilməyib: “Uğursuz əməliyyatın ağır nəticəsi səbəbindən 41 yaşlı keçmiş polis işçisi son 10 ayda loqoped-deffektoloq tərəfindən danışmaq öyrənir. Və elə Araz Bayramovun 12 saat sonra dəvət etdiyi nevropatoloq Sevinc Ərəbli də əməliyyat öncəsi edilən qan analizlərinin nəticəsini, əməliyyat vaxtını və xəstənin əməliyyatdan ayılandan 12 saat ərzindəki durumunu görüb əməliyyat vaxtı insult keçirtməsi faktını iddia etdi və tez bir zamanda MRT müayinəsinin tələb olunduğunu bildirdi. Amma…

Fakt isə odur ki, gecikdirilərək 10 gün sonra edilən MRT müayinəsi də insultun yeni, təxminən həmin tarixə görə olduğunu göstərir. Dünya Səhiyyə Protokoluna görə, bu cür insult nəticəsində xəstə anında (ən geci 1-5 saat) MRT olunmalı, oksigen aparatına qoşulmalı, beyni qidalandıran preparatlar qəbul edilməli və çox ciddi nevropatoloq nəzarətinə alınmalıdr”.

Daha bir dəhşətli hal odur ki, atası Eldar Bayramovun baş həkim olduğu Buta Klinikada uroloq-cərrah kimi fəaliyyət göstərən Araz Bayramov ikitərəfli beyin insultu keçirmiş xəstəni tam 10 gün sonra öz ayağı ilə başqa bir klinikaya MRT müayinəsinə yola salır. Ailəsinə “beynində heç bir problem çıxmadı” deyir, aldadaraq xəstəxanadan da çıxardır. Amma ailəsi nevropatoloq Sevinc Ərəbinin tövsiyəsi ilə Anar Gözəlovu yenidən – 3 gün sonra Buta Klinikasına yerləşdirir. Günel xanım MRT cavabının çox təhlükəli olduğunu biləndən sonra bir sıra özəl klinikalara müraciət edir. Təəssüf ki, maddi sıxıntı üzündən yoldaşını beyin göstəriciləri üzrə nevroloji ixtisaslaşmış özəl klinikalarda yerləşdirə bilmir. Çünki Anar Gözləovun vəziyyətinin nə zaman düzələcəyi bu gün də məlum deyil. Araz Bayramovsa onun günahı ucbatından yaranmış vəziyyətdə Gözəlovlara yardım etmək üçün heç cəhd də etmir. Ailəsi, dövlət klinikalarında koronavirus səbəbindən ciddi təhlükə olduğu üçün onlara müraciət etmir. Klinikada olduğu dönəmdə sadəcə Günel xanımın tələbi ilə dərmanları alan Araz Bayramov klinikaya Günel xanımın həmkarı telejurnalist-aparıcı İlhamə Bədəlovanın dəstəyi ilə gətirilən həkimləri belə, görməzdən gəlir.  Yəni bu dəfə də xəstənin sağalması üçün heç nə etmir.

Araşdırmamız digər ağır faktları da ortaya çıxarıb. Ekspertizanın rəyində qeyd olunur ki, Anar Gözəlov 20.03.2021-ci il tarixində guya nevropatoloqun nəzarətindən keçib, yenidən müalicə üçün klinikada yerləşdirilib. Baxmayaraq ki, Günel xanım yoldaşının başına gələnlərlə bağlı sosial media və KİV vasitəsilə çox geniş məlumat yayıb, deyilənlərin yalan olduğunu faktlar və şahidlərlə sübut edib. Qeyd edək ki, Araz Bayramov xəstəni fevral ayının 18-i əməliyyat edib. Əməliyyat vaxtı ağır insult keçirən adamı qüsurlu sağlamlığı ilə 10 gün sonra evinə yola salıb və elə həmin gün də gecikmiş MRT müayinəsi etdirilib. MRT-nin nəticəsinin ağır olduğunu ailədən gizlədib. Adıçəkilən durumla bağlı nevropatoloq Sevinc Ərəbli ailəni məlumatlandırıb və mart ayının 3-ü, yəni 3 gün sonra xəstə yenidən Buta Klinikasına yerləşdirilib. Mart ayının 20-də Günel Gözəlovanın təkidi ilə xəstəni klinikada rəsmi qeydiyyata alıblar. Aprel ayının 2-də ailənin öz hesabına müalicəsini etdirdiyi nevropatoloqun rəyi ilə ailə xəstəni klinikadan çıxardıb. Yəni Araz Bayramovun xəstəliyi ört-basdır etmək, vergidən yayınmaq üçün 17 gün xəstəni klinikada qeydiyyata almaması sirr deyil. Sonra guya bayram günü, yəni martın 20-si hansısa qızıl çubuqla xəstə klinikaya daxil olub. Nərimanov Rayon Məhkəməsinin və Prokurorluğunun araşdırmalı olduğu məsələni, dindirməli olduğu şahidləri biz eşitdik. Klinikadakı mənbə, ailənin yaxın qohumları, Günel xanımın jurnalist həmkarları, ora gedən həkimlər Anarın həmin dövrdə klinikada olduğu faktını təsdiqlədilər.

Lakin ortada heç bir tibb işçisinin və məhkəmənin təkzib edə bilməyəcəyi, gözlə görünən fakt var – əməliyyat uğursuz olub. Ehtiyatsızlıqdan, məsuliyyətsizlikdən, savadsızlıqdan, bilməyərək və ya qəsdən atılmış addımlardan asılı olmayaraq, pasiyent böyrək əməliyyatı zamanı beyin infarktı keçirib. Yeri gəlmişkən qeyd edək ki, Səhiyyə Nazirliyinin rəhbərliyi altında çalışan Ekspertiza Birliyi ya bu qurumun rəsmi protokollarını qəbul etmir, ya da xəbərsizdir. Onu da araşdırdıq ki, Səhiyyə Nazirliyinin “Böyrəkdaşı xəstəliyinin diaqnostikası və müalicəsi üzrə Klinik protokol”unun Daşların çıxarılmasına dair ümumi tövsiyyələrındə (səh. 15-19) deyilir ki, Perkutan URS ayrı-ayrı hallarda ilkin terapiya kimi qəbul edilə bilər. EZDL, PKL, Perkutan URS və açıq cərrahi əməliyyat qan laxtalanması pozğunluğu olan pasiyentlərə əks-göstərişdir. Günel Gözəlovanın sözlərinə görə, yoldaşının əməliyyat sonrası vəziyyətini müəyyən etmək üçün Araz Bayramovun 1 gün sonra klinikaya çağırdığı (Çoxfunksiyalı əməliyyatlar edilən klinikada nevropatoloq yox imiş!) Sevinc Ərəbli əməliyyat öncəsi analizlərdə Anarın qanında trombositlərin yüksək olduğunu (bu, laxtalanmaya gətirir), aclıqda şəkərin yüksək olduğunu deyərək uzun çəkən əməliyyatın böyük səhv olduğunu demişdi. Ancaq nədənsə nə Nərimanov Rayon Məhkəməsi əsas və çox vacib şahid olan həkimin dediklərini mediadan olsa belə izləməyib, nə də Nərimanov Rayon Prokurorluğu Sevinc Ərəblinin izahatında da xüsusilə qeyd etdiyi bu faktları nəzərə almayıb. Hətta Sevinc Ərəbli Nərimanov Rayon Prokurorluğuna verdiyi ifadədə açıq şəkildə qeyd edib ki, ilk dəfə xəstəni fevralın 19-u müayinə edib, sonra isə ayın 27-nə kimi 2 dəfə öz hesabına gəlib görüb. Cərrah Araz Bayramovun guya martın 20-si yenidən nevropatoloqla birgə Anar Gözəlovu müayinə edib klinikaya yerləşdirilməsi iddiası isə ağ yalandır. Adıçəkilən nevropatoloq fevral ayının 27-dən sonra Anarı görməyib. Mart ayının 20-nə qədərsə Anarı müayinə üçün nevropatoloqlar Ehtiram doktor, Bella xanım və Aygün Zeynalova klinikaya gəlib.

Həkim olmasaq da Anar Gözəlovun başına gələnlər, müayinələri, son durumu ilə bağlı biz də 21-ci əsrin bizə verdiyi yüksək texnologiyanın üstünlükləri vasitəsilə araşdırma apardıq. Anarın durumunda əməliyyat infarktın birbaşa səbəbidir. Əməliyyat öncəsi qan analizlərində xolesterin, şəkərin yüksək olması, xəstənin çəkisinin çox olması, ən əsası qanında trombositlərin yüksək nəticəsi planlı əməliyyat üçün xüsusilə hemotoloji və nevroloji müalicə, müayinə tələb edib. Yəni artıq siqnal olub. Xüsusilə dünyada ən çətin üsullardan sayılan, 2 saatdan artıq davam etdirilməsi tövsiyə olunmayan Perkutan üsulla böyrək daşı əməliyyatı isə beyin insultuna birbaşa təkan olub.

Məsələn, tibbi ekspertiza rəyində qeyd olunur ki, “Anar Gözəlovun üzərində aparılmış əməliyyatın planlı olmasını nəzərə alaraq, əməliyyat öncəsi aparılan hazırlığın daha geniş miqyasda və konsultantların tövsiyələri əsasında həyata keçirilməsi daha məqsədəuyğun olardı”. Tibbi ekspertizanın ekspertləri  yəqin anlamırlar ki, xəstə məhz bu proseduralar həyata keçirilmədiyi üçün insult keçirib. Ya da anlamaq istəmirlər. Niyə?

İddiaçı Günel Gözəlova ekspertizanın rəyi və məhkəmənin qərarı ilə razılaşmır. O, həkimin məsuliyyətsizlik göstərdiyini və yoldaşının sağlamlığına bilərəkdən və ya bilməyərəkdən qəsd etdiyini söyləyir. Jurnalist bu səbəbdən də yoldaşını heç olmasa qismən sağalam həyata qaytarmaq, eləcə də ailəsinin üzləşdiyi maddi və mənəvi fəsadları aradan qaldırmaq üçün maddi təzminat tələb edir. Məhkəmə isə hansısa qaranlıq səbəbdən gözlə görünən faktlara göz yummaqla təzminat iddiasını rədd edir.

Məhkəmənin daha bir gülməli və ağlamalı məqamı: Nərimanov Rayon Məhkəməsində müvafiq iddia üzrə 31 iyul tarixində keçirilən iclasda hakim Vüqar Quliyev əməliyyatın CD diskini tələb edib. Araz Bayramovun vəkili isə bu diskin olmadığını, guya ailə istəmədi deyə video çəkilmədiyini bildirib. Günel xanım da bunun yalan olduğunu, onlara videogörüntü var deyə bildirildiyini söyləyib. Elə bu iclasda hakim Vüqar Quliyev ekspertiza qarşısında 6 bənddən ibarət sual qoyub. Onların arasında belə bir sual var:

-İş materiallarına əlavə edilmiş iddiaçı Gözəlov Anarın müayinə nəticələrinə dair sənədlərə və əməliyyatın CD diskinə əsasən əməliyyat düzgün icra edilmişdirmi?

Yəni, cavabdeh tərəfin vəkili diskin olmadığını bildirsə də, hakim yenə də hansısa diskə əsaslanaraq ekspertizaya sual ünvanlayır! Bu nədir? Cinayətə bərabər olan diqqətsizlik, işə son dərəcə laqeyd yanaşma, yoxsa cavabdeh tərəfə haqq qazandırmaq üçün atılan bilərəkdən addım?!

Qeyd edək ki, Azərbaycanda hər il yüzlərlə insan həkim məsuliyyətsizliyinin və ya qeyri-peşəkarlığının qurbanı olur. Və hər il yüzlərlə vətəndaşı sağaltmaq əvəzinə onun sağlamlığına daha ağır zərbə vuran, hətta səhvləri ucbatından onun ölümünə yol açan həkimlərlə bağlı məhkəmələrdə iddia qaldırılır. Lakin məhkəmələr və işi aydınlaşdırmaq üçün müraciət olunan tibbi ekspertiza çox vaxt “sehrli çubuğun” hərəkəti ilə həkimlərin lehinə qərarlar qəbul edir. Bütün bunların nəticəsində səhiyyə və məhkəmə sisteminə qarşı inam günü-gündən azalır. Cinayətə cavab olaraq cəza mexanizminin işə düşməməsi, ədalətli qərarların qəbul edilməməsi ədliyyə sisteminin nüfuzuna zərbə vurur.

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycanda pasiyent hüquqlarının qorunmasında ciddi problemlər var. Tibbi sığorta sisteminə tam və sürətli keçid edən Azərbaycanda pasiyent hüquqları haqqında qanunların hələ də qəbul olunmaması Günel Gözəlova kimi yüzlərlə vətəndaşın ədalət hayqırtısını cavabsız qoyur…

Hələ ki, ümidliyik, yüksək instansiya məhkəməsi olan Apellyasiya Məhkəməsinin səlahiyyət sahibləri yəqin bu araşdırmanı oxuyar.