Nərmin cinayətinin şübhəlisi ilə bağlı YENİ FAKTLAR – Keçmiş müdiri danışdı

“İlkin işdə olduqca soyuqqanlı idi. Heç kəslə ünsiyyət qurmurdu”.

Yenicag.az xəbər verir ki, bu sözləri Nərmin Quliyeva cinayətində şübhəli qismində saxlanılan İlkin Süleymanovdan danışan Tovuz televiziyasının yaradıcılarından olan, 2000-2003-cü illərdə SMTV-nin direktoru işləmiş Rasim Əliyev bildirib.

Rasim Əliyevin açıqlamasını olduğu kimi təqdim edirik:

“…Bu xəbər məni sarsıtdı. Düzü, adamın inanmağı gəlmir. SM TV-də mən direktor işləyəndə, 2001-ci ildə oranı yenidən qurmaq qərarına gəldim. Bütün kadrları yenilədim. Həmin vaxt Dondarquşçu kəndindən 2 nəfər Ceyhun Tağıyev və İlkin Süleymanovu da kompyuter mütəxəssisi kimi işə qəbul etmişdim. Təxminən 3 ay onlar bizimlə işlədilər. Uzaqdan gəlirdilər deyə, onlara sərf etmədi. O vaxt şərait yox idi. Zəhmət haqqı da az idi. Bu, onları qane etmədi. Bir müddət sonra Ceyhun Tağıyev xəstələnərək dünyasını dəyişdi. İlkin isə…

Mən İlkinin ailəsini əvvəldən tanıyırdım. Onlar qohumlarımın qonşuluğunda yaşayırlar. Atası İbrahim müəllim məndən xahiş etmişdi deyə, onları işə götürmüşdüm.

İlkin işdə olduqca soyuqqanlı idi. Heç kəslə ünsiyyət qurmurdu. Olduqca savadlı, işini bilən birisi idi. Özünə qapanar, təkliyi sevərdi. Həmişə öz aləmində idi. İş yoldaşları adətən birgə nahar edərdilər. O isə tək çəkilib kənarda, ayrca nahar edərdi.

Düzü, eşidəndə inanmağım gəlmədi. Biz onu savadlı, sakit təbiətli biri saymışıq. Ailəsi də ziyalı ailədir. Atası İbrahim müəllim də kəndin ən hörmətli ziyalılarındandır. Amma nə demək olar.

Təəsüf edirəm ki, ziyalılar məkanı olan Tovuzda son 2 ayda gündəmi Tovuzda baş verən quruculuq işləri deyil, məhz Nərmin Quliyevanın itməsi, daha sonra qəddarlıqla öldürülməsi xəbərləri tutur. Bu isə təəssüfvericidir…”.

Qeyd edək ki, bu gün Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına əsasən, bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

Gülşən Şərif

COP29