“Pişəvəri oradakı fəallar təlim keçdikdən sonra yeni hərəkata başlamağa hazırlaşırdı”.
Bu fikirləri Azərbaycanın İrandakı sabiq səfiri, professor Nəsib Nəsiblinin Güney Azərbaycan Milli Hökumətinin başçısı olmuş Seyid Cəfər Pişəvərini bolşeviklərlə işbirliyində suçlamasına münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bütün şəxsiyyətlərə, o cümlədən Pişəvəriyə münasibətdə onun fəaliyyət göstərdiyi tarixi şəraitin nəzərə alınması zəruridir:
“Nəsib Nəsibli mənim tələbə yoldaşım, dostum olsa da, Pişəvəri barəsində düşüncələri doğru deyil. Görünür, Nəsib bəyin uzun müddət xaricdə fəaliyyət göstərməsi, həmçinin Azərbaycanın İranda səfiri olması onun bu məsələyə yanaşmasını bu şəkildə formalaşdırıb.
Əslində, bütün şəxsiyyətlərə, o cümlədən Pişəvəriyə münasibətdə onun fəaliyyət göstərdiyi tarixi şəraitin nəzərə alınması zəruridir. Əks halda, obyektiv nəticəyə varmaq mümkün deyil. Bildiyiniz kimi, SSRİ 1941-ci ilin avqustunda İranla 1921-ci ildə imzalanmış müqaviləyə əsasən, bu ölkənin şimalına – Güney Azərbaycana qoşun yeritdi.
Bolşeviklərin planı əsasında olsa da, bu gedişat Azərbaycanın bütövləşməsinə əlverişli şərait yaratmışdı. Pişəvəri başda olmaqla, Güneyli fəallar Sovet Azərbaycanından göndərilmiş ictimi-siyasi, ədəbi-mədəni xadimlərin birbaşa iştirakı və dəstəyilə orada Milli Hökumətin qurulmasına nail oldular.
Bununla Güney Azərbaycanda inanılmaz dəyişikliklər baş verdi. Bütün fəaliyyət sahələri milliləşdirildi, mədəni inqilab həyata keçirildi. Ən əsası, Azərbaycanın bütövləşməsi üçün zəmin yarandı. Lakin müttəfiq Qərb dövlətlərinin təzyiqi və nüvə silahı ilə təhdidi SSRİ-ni öz qoşunlarını Güney Azərbaycandan çıxarmağa vadar etdi. Nəticədə Şah ordusu oraya daxil oldu və irimiqyaslı qırğınlar törətdi, Milli Hökumət süqut etdi.
Pişəvəri müqavimət hərəkatını bərpa etmək məqsədilə SSRİ-yə gəldi. O zaman Azərbaycanın Şəki və Hacıkənd bölgələrində Güneyli fəallar üçün iki baza yaradılmışdı. Pişəvəri oradakı fəallar təlim keçdikdən sonra yeni hərəkata başlamağa hazırlaşırdı. Lakin 1947-ci ildə Yevlax yolunda baş verən sui-qəsd nəticəsində Pişəvəri aradan götürüldü.
Onun bolşeviklərlə əməkdaşlıq etməsinə tarixi kontekstdə yanaşılmalıdır. Əgər SSRİ Qərbdən fərqli olaraq, Güney Azərbaycanın müstəqillik qazanmasına və Azərbaycanın birləşməsinə müsbət yanaşırdısa, Pişəvəri də onlarla əməkdaşlıq edirdisə, buna görə onu suçlamaq doğru deyil”.
A.Zeynalov