“Onu görüb maşına hücum çəkdilər”- Nəsibə Zeynalova haqqında

“Ay arvaddan qorxan biqeyret”- “Qayınana” filmində Cənnət xalanın dilindən səslənən bu məşhur aforizmi nahaqdan xatırlamadım. Bu gün xalq artisti, Azərbaycan teatrının kraliçası Nəsibə Zeynalovanın doğum günüdür.

Əməkdar artisti, aktyor Çingiz Əhmədov ölməz sənətkarla bağlı xatirələrini Yenicag.az-la bölüşüb:

“Nəsibə xanımla həm də qohum olmuşuq. O mənim nənəmlə dayıqızı, bibiqızı olub. Onunla səhnədə tərəf-müqabili olmuşam. Allah bu xoşbəxtliyi mənə qismət edib ki, dəfələrlə Nəsibə xanımla rayonlara qastrol səfərlərinə getmişik. Camaat onu həddən artıq çox sevirdi. Rayonlara gedəndə raykom katibindən tutmuş, sıravi kənd camaatına qədər onu evinə qonaq aparmaq üçün növbəyə düzülürdülər. Bir dəfə onunla Xudata gedirdik.

Yolda maşından düşdüm ki, ona su alım. Camaat mənə yaxınlaşıb, avtoqraf almağa başladı. Maşına yaxınlaşanda Nəsibə xanımı gördülər, izdiham maşının üstünə hücum çəkdi. Yaşlı kişi gəlib yalvardı ki, Nəsibə xanım ver əlini öpüm. Nəsibə xanım özünəməxsus yumorla dedi ki, heç mənim əlimi kişi öpməyib, sən kimsən əlimi öpəsən. Kişi onun əlini öpdü və dedi ki, oxay, indi rahat ölə bilərəm”.

Çingiz Əhmədov aktrisanın şəxsi keyfiyyətlərindən danışıb:

“Nəsibə xanım o sənətkarlardandır ki, indiyə qədər onun barəsində şaiyə yayılmayıb. Ailəsinə bağlı qadın olub. Həyat yoldaşı Mütəllim müəllim onu uşaq kimi əzizləyib. Qastrollara gedəndə çox vaxt onu öz “Volqa”sında aparıb. Əl qabiliyyəti də sənəti kimi mükəmməl idi. Qastrollara gedəndə evdə bişirdiyi yeməkləri aparıb, bizi qonaq edirdi. Nəsibə xanım bu gün də yaşayır, qoyub getdiyi filmlərdə və tamaşalarda…”

Cəvahir

COP29