!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsiman Yaqublu: “Rəsulzadə bolşevik ultimatumunun əleyhinə çıxdı”  

!Reklam – Yazi

“AXC tarixinin öyrənilməli olan səhifələri həddindən artıq çoxdur”

Tarix üzrə fəlsəfə doktoru, tanınmış araşdırmaçı Nəsiman Yaqublu Yenicag.Az-a müsahibəsində 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı maraqlı məqamlara toxunub.

– Sizcə, bu gün 99-cu ildönümünü qeyd etdiyimiz Cümhuriyyətin tarixi əhəmiyyəti, dəyəri tam dərk olunurmu?

– Bu tarixi hadisənin əhəmiyyəti əlbəttə ki, dərk edilir. Son vaxtlar mətbuatda və sosial şəbəkələrdəki hərəkətlilik də göstərir ki, Xalq Cümhuriyyətinə maraq son dərəcə böyükdür. Bu maraq ondan irəli gəlir ki, Azərbaycanın AXC dönəmində əldə etdiyi nailiyyətləri nə 70 illik Sovet dövründə, nə də indiki müstəqillik dönəmində əldə etməmişik. AXC-nin vaxtındakı ən böyük nailiyyətimiz 114 min kvadrat kilometrlik ərazilərimiz idi. Ən azı bu fakt o dövrün bizim üçün olduqca şərəfli və eyni zamanda, əlçatmaz bir tarix olaraq qaldığını təsdiqləyir. Biz məhz AXC dövründə özümüzün ilk dövlət təsisatlarımızı yaratdıq. Nazirlər Şurası, Ədliyyə, Hərbi və digər nazirliklər yaradıldı, çox mühüm hadisə kimi qanunverici orqanı formalaşdırmaqla Azərbaycanda parlament respublikasının əsası qoyuldu. Mətbuat üzərindən senzura götürüldü və azad medianın inkişafı üçün şərait təmin edildi. Qafqaz İslam Ordusu tərəfindən azad edilən Bakı Azərbaycanın siyasi-iqtisadi-mədəni mərkəzi oldu. Yəni AXC dönəmində həyata keçirilən müsbət işlər o qədər çoxdur ki, hətta Cümhuriyyətin 99-cu ildönümündə də buna həsəd aparmaq olar.

AXC dövrü bizim üçün həm də ona görə əhəmiyyətlidir ki, biz o zaman Qarabağ problemini həll etmişdik. Ancaq indi 25 ildir ki, bu məsələnin öhdəsindən gələ bilmirik. Ancaq o dövrdə Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin olunmuşdu və görülən işlər nəticəsində erməni separatizminin, silahlı müqavimət hallarının kökü kəsilmişdi, ermənilər tabeliklərini bildirərək, Azərbaycanın hakimiyyəti altında yaşamağa razılaşmışdılar.

– Cümhuriyyət tarixi lazımi səviyyədə araşdırılıb, yoxsa o dövrlə bağlı ictimaiyyətə məlum olmayan məqamlar hələ çoxdur?

– İctimaiyyətə məlum omayan məqamlar çoxdur. Yəni həm Azərbaycanın daxilində həyata keçirilən fəaliyyət, həm də Cümhuriyyət banilərinin mühacirət dövründə gördükləri işlər, onların taleyi az öyrənilib. Məsələn, bayaq adını çəkdiyim Xosrov bəy Sultanov AXC-nin süqutundan sonra Türkiyəyə gedib və oradakı fəaliyyəti haqda məlumat yox dərəcəsindədir. Doğrudur, Rəsulzadənin fəaliyyətini biz ətraflı araşdırmışıq və o barədə geniş materiallar hazırlamışıq. Ancaq Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyli və digərlərinin fəaliyyəti, xüsusilə də onların mühacirətdəki həyatları barəsində çox şeyləri bilmirik. AXC dövründə əsas fiqurlardan biri olan Baş Qərargahın rəisi Məmməd bəy Sulkeviçin (polyak əsilli tatar olub -red.) fəaliyyəti də çox az öyrənilib. Yəni demək istəyirəm ki, AXC tarixinin öyrənilməli olan səhifələri həddindən artıq çoxdur. O baxımdan, heç olmasa Cümhuriyyətin 100 illiyinə bu boşluqların aradan qaldırılması üçün xeyli işlər görülməlidir.

– Tarixi geri qaytarmaq mümkün deyil. Ancaq geriyə baxdıqda, Cümhuriyyətin süqutunun qarşısını almaq mümkün idi?

– Bunun qarşısını yalnız o vaxt ala bilərdik ki, beynəlxalq vəziyyət bizim xeyrimizə olaydı. Məsələn, Qafqaz respublikalarının birliyi bu süqutun qarşısını bəlkə də ala bilərdi. O zaman Azərbaycanla Gürcüstan arasında qarşılıqlı hərbi yardım haqqında saziş vardı. Lakin bolşeviklər Azərbaycana hücum edəndə, Gürcüstan öz öhdəliyini yerinə yetirmədi.

– Nəinki yerinə yetirmədi, hətta bolşeviklərlə gizli anlaşmaya getdi…

– Bəli, gizli razılaşmaları oldu, ancaq sonra Gürcüstanın özünü də işğal etdilər. Mən heç ermənilərdən danışmıram… Dağıstana hücum olanda biz də onlara istənilən dəstəyi verə bilmədik. Sözümün canı odur ki, əvvəla, birlik olmadı və ikinci tərəfdən də beynəlxalq vəziyyət bizim əleyhimizə işlədi. Məsələn, İstiqlal Savaşı aparan Türkiyə bizə dəstək verə bilmədi. Böyük Britaniya Hindistanda başlayan inqilablarla məşğul idi, başı öz problemlərinə qarışmışdı. Digər dövlətlərin də hər biri bu və ya başqa səbəbdən vəziyyəti dəyişə bilmədilər. Ona görə də Rusiya Qafqaza qoşun yeridərək, Azərbaycanı, Gürcüstanı və Ermənistanı işğal etdi. Daha sonra digər dövlətlər də işğal edildi və on beş respublikadan ibarət qondarma dövlət olan SSRİ yaradıldı. Yəni bu məsələdə Cümhiriyyəti qınamaq doğru deyil. Yaxşı, tutaq ki, biz səhv elədik. Bəs o biri respublikalar niyə işğal olundu? 60-70 minlik bolşevik ordusu Azərbaycana vəhşicəsinə hücum çəkdi, onları qarşılayan ordu birliklərimiz işğalçılar əleyhinə sona qədər döyüşsələr də, onları geri oturtmağa gücümüz çatmadı. Bu gün Qarabağı azad etməyə gücümüz çatmadığı kimi, o zaman da bolşeviklərin qarşısını kəsə bilmədik. Fakt bundan ibarətdir.

– Bir məsələ də maraqlıdır. AXC parlamenti bolşeviklərin hakimiyyəti təhvil verməklə bağlı ultimatumunu qəbul etməsəydi, Azərbaycanın beynəlxalq statusu necə olacaqdı?

– O zaman Azərbaycan beynəlxalq səviyyədə de-fakto tanınmışdı. Ancaq unutmayaq ki, bolşeviklərin həmin ultimatumu 6 şərt əsasında qəbul edilmişdi. Yəni şərtlərə görə, Azərbaycanın müstəqilliyi və əldə olunmuş nailiyyətlər qorunub saxlanmalı idi. Ölkədə idarəetmə rusiyalı yox, yerli bolşeviklərə keçəcəkdi. Ancaq rus bolşeviklər ermənilərlə birgə buraya gələrək hakimiyyəti zəbt etdilər və xalqımızdan qisas aldılar. Məsələn, Məhəmməd Əmin Rəsulzadə o ultimatumun əleyhinə çıxmışdı. Ancaq həmin o ultimatum qəbul edilsə də, Azərbaycanın hər yerində bolşevik rejiminə qarşı üsyanlar başladı, 150-yə yaxın silahlı üsyan baş verdi. Gəncə üsyanı zamanı sovet hökuməti 10 gün müddətinə olsa da, devrildi. O ultimatum sadəcə, forma etibarilə qəbul edilmişdi. Mahiyyət etibarilə, xalq özünün istiqlal mübarizəsini davam etdirdi.

– AXC ilə mövcud Respublika arasındakı varislik ənənələri qorunurmu?

– Konstitusiyamızda yazılıb ki, biz 1918-20-ci illərdə mövcud olmuş AXC-nin siyasi, hüquqi və mənəvi varisiyik. Bizim bu varisliyi bütün dünyaya sübut etmək üçün qarşımızda böyük şans var – o da AXC-nin gələn il qeyd olunacaq 100 illik yubileyidir. Biz bu 100 illiyi elə yüksək səviyyədə keçirə bilərik ki, bütün dünya Türk və İslam aləmində ilk demokratik Cümhuriyyət qurmuş xalq olduğumuzu görər. Bu, məni daha çox maraqlandırır. Ona görə də bununla bağlı hazırladığım təkliflər paketini bir neçə gün əvvəl ölkə başçısı cənab İlham Əliyevə göndərmişəm. Nəzərə alaq ki, gələn il Gürcüstan da, Ermənistan da özlərinin 100 illiklərini qeyd edəcəklər. Şübhə yoxdur ki, qonşularımız dünyaya bəyan edəcəklər ki, Qafqazda ilk demokratik respublikanı məhz onlar yaradıblar. Gəlin bu imkanı onlara verməyək. Özümüz irəli çıxaq ki, Qafqazda ilk demokratik dövlətin əsasını məhz biz qoymuşuq, Şərqdə ilk Cümhuriyyəti biz yaratmışıq, qadınlara seçib-seçilmək hüququnu ilk dəfə biz vermişik. Bu şansdan mütləq istifadə etməliyik.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv