!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi Paşayev: "Gözləyin, qatarları yuxarı çıxardırıq" - "Mövzudan kənar" + VİDEO

!Reklam – Yazi

Yenicag.az yeni layihəyə start verir. “Mövzudan kənar” adlı bu layihənin hədəfində mətbuat katibləridir.

Belə ki, təmsil etdiyi qurumda baş verən hadisə barədə ilk məlumatı onlardan alırıq. Vəzifəsinin öhdəsindən layiqincə gələn, peşəkarlıq nümayiş etdirən mətbuat katibləri də var, özünü təmsil etdiyi qurumun rəhbəri, az qala naziri kimi aparan, telefon zənglərinə, dəfələrlə göndərilən xahişdolu mesajlara cavab verməyənləri də az deyil…
Yenicag.az bu layihəsilə sizə mətbuat kabitlərinin ictimaiyyətlə əlaqələrinin nə dərəcədə yaxşı olduğunu göstərəcək, onları və qurumlarını cəmiyyətə fərqli istiqamətdən tanıtdıracaq. Həm məlumatlandırıcı ,həm də sarkazmla bol videoda maraqlı və gülüşdolu anları da əskik etmədik.

Layihəmizin ilk qonağı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Nəsimi Paşayevdir. 

– Nəsimi Paşayev kimdir?

– Nəsimi Paşayev elə Nəsimi Paşayevdir. 1992-ci ildə Ankara Universitetində Radio Jurnalistikası fakültəsinə qəbul olmuşam. Ölkəyə qayıtdıqdan sonra Azərbaycan mətbuatında fəaliyyət göstərdim. Mətbuat xidməti sahəsində özümü sınamağa qərar verdim. 14 ildir ki, bu sahədə fəaliyyət göstərirəm, onun da son 4 ili “Bakı Metropoliteni” QSC-də keçib.

– Əslində özünüzü harada görmək istəyərdiniz?

– Elə görmək istədiyim yerdəyəm, sevdiyim işlə məşğulam. Heç vaxt şan-şöhrət adamı olmamışam, mənim üçün vəzifə əhəmiyyətli bir şey deyil.

– Bu zaman kəsiyində başınıza gələn maraqlı hadisələr?

– Biri intihar etmişdi. Jurnalistə məlumat verirəm ki, qatarların hərəkətini saxlamışıq, cəsədi polis orqanlarına təhvil vermişik. Bizim işimiz bura qədərdir. Növbəti sual “niyə intihar edib?” olanda mən sadəcə zarafatla deyirəm ki, soruşdum cavab vermədi. Və ya stansiyanın platformasında yeni qatarın jurnalistlərə təqdim edəcəkdik. Bir müxbir zəng vurub ki, “Biz aşağı düşək, ya yuxarıda gözləyək?” Dedim, gözləyin, qatarları yuxarı çıxardıram. Daha bir maraqlı sual bayram günlərində zəng vurub soruşurlar ki, “Qatara əlavə vaqon qoşulacaq?” (gülür).

– Daha çox nəyə görə qınanılırsınız?

– Çox şeydə qınayırlar. Sərnişinlər elə hesab edir ki, metronun mülkiyyəti mənə aiddir, kefimə görə qatarların intervalını artıra, yeni qatarlar ala,istədiyim yerə sürdürə, yeni stansiyalar aça bilərəm.

– Nəsimi Paşayev üçün hansı stansiya doğmadır: “28 May” və ya “Nəsimi”?

– Ən çox istifadə etdiyim stansiya olduğuna görə “28 May” deyirəm.

– Sizi yeraltı dünyanın insanı adlandırmaq olar?

– Adlandırırlar. Amma mən mafiyadan deyiləm, hər şeyim şəffafdır.

– Yerin altı maraqlıdır, ya üstü?

– Yerin altı bir dünyadır və maraqlıdır. İlk işə başlayanda sadəcə kartı vurub metroya minən bir insan idim. İndi isə hər bir sturukturu, küncü, detalı ilə metro mənə bir dünya kimi gəlir.

– Metroda sıxlıq zamanı Tağı Əhmədovun xatirəsinə qramofon “Əə, bir-bir!” deyə səslənə bilər?

– Nə qədər səmimi insan kimi görünsəm də, bura rəsmi orqandır. Bu təklif sərnişinin birinin xoşuna gələ bilər, digərinin yox. Təbii ki, yox. İnzibati Xətalar Məcəlləsinə görə qapını tutana 50 manat cərimə nəzərdə tutulub. Amma sərnişinlərin əksəriyyəti kefindən qapını tutmur.

– Metroda “yaxınlıq” olar?
– Metroda öpüşmək olar, heç bir qadağa yoxdur. Sadəcə yazılmamış qanunlar, etik normalar var. Buna görə olmaz. Bunun üçün stadion, bulvar, park var (gülür).

– Metroda gördüyünüz çatışmazlıqlar nələrdir?

– Çatışmazlıqlar var, amma aradan qaldırılır. Yeni kondisonerli qatarlara ehtiyac var, amma bu tam bizim səlahiyyətimizdə deyil.

– İnterval niyə qatarın getdiyi vaxtı göstərir, nə vaxt gələcəyini yox?

– Onun nə dəxli var? O interval göstəricisi sərnişinlər üçün deyil, maşinistlər üçündür.

– Keçək şikayətlərimizə, sərnişinlərdən biri “Həzi Aslanov-2” stansiyasının 4 ildir təmirinin niyə başa çatmadığını soruşur?

– İşlər hələ də davam etdirilir. Biz sərnişinlərin rahat gediş-gəlişi üçün müvəqqəti yol açdıq. Təəssüf ki, səhər gəlib, gördük ki, qarşısında obyekt tikirlər, bağladıq. Axı biz təkrar orada iş görməliyik.

– Digər sual “İçərişəhər”dən birbaşa “Dərnəgül”ə qatar çəkmək olarmı?

– O hərəkəti təmin edənin alnından öpərəm (gülür). Əlbəttə ki, mümkün deyil.

Binəqədi qəsəbə sakini Dilqəm Əhməd soruşur: “Bizim qəsəbədə yaşayan gənclər metro olmadığına görə sevgililəri ilə görüşə gecikirlər. Bu da qurulacaq gənc ailəni xoşbəxtlikdən məhrum edir. İnsanlar işə gecikir, müdir tərəfindən danlanırlar. Natəmiz avtobuslarda paltarlar, ayaqqabılar çirklənir. Qonaq gəlmək, getmək olduqca müşkülə çevrilib. Binəqədi Bakının qədim bölgəsidir. Vaxtilə burada çıxan neftin hesabına şəhər əhli dolanıb. İndi burada yaşayan insanların rifahı üçün niyə metro çəkilmir? Buna mane olan səbəblər nədir?”

– Dilqəm mənim başbəlamdır. Tez-tez bu məsələni mənim adımla gündəmə gətirir. Yollar palçıqdır – İcra Hakimiyyətinə desinlər. Avtobus çirklidirsə – Nəqliyyat Agentliyinə müraciət etsinlər. Ən yaxşı variantda merto stansiyalara yaxın evi olan xanımla evlənsin. Onun da canı qurtulsun, mənim də. İşin ciddiyyətinə gələndə, əslində planımızda var.

İmaməddin Nəsiminin qəzəlində deyildiyi kimi: “Nəsimi işin düşər, gəlib, gedişin düşər”. Sizin mətbuata işiniz düşüb? Hansısa xəbəri saytdan çıxartdırmaq istəmisiniz?

– Bəli, bir dəfə olub. Məndən asılı olmayan bir yazı idi. Amma Metropoliten haqqında indiyədək yazılan neqativ yazıya görə heç bir KİV-yə müraciət etməmişəm.

– Məndə sığar iki cahan: Biri metro, digəri?

– Metro 24 saat işləyir, mən də. Başqalarından fərqli olaraq 09:00-18:00 arası işləməmişəm. Gecə saat 03:00-da da mənə zəng gəlib…

– Sizdə sığar iki cahan: Biri metro, digəri də metro deyək.

– Olsun elə.

– Sərnişilərə iradlarınız…

– Qapını saxlamasınlar, kartları olduğu halda başqasından xahiş etməsinlər, metronu zibilləməsinlər, yerə saqqız atmasınlar, metroya girəndə aqressiv olmasınlar. Nə olsun ki, basabasdır, nə olsun ki, qonşusu ayağını tapdalayıb, bir az gülümsəsinlər.

Brilyant Rəsulova

www.yenicag.az

2810
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv