Nəsimi rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş Şuranın geniş tərkibdə iclası keçirilmişdir.
Şura iclasına sədrlik edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Şura iclasında 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verilərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilmişdir.
Qeyd olunmuşdur ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub.
Şura iclasında Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Nəsimi rayon Sukanal İdarəsinin, Nəsimi Enerji Təchizatı və Satışı İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin Nəsimi rayonu üzrə texniki istismarı xidmətinin, rayon İstilik Sistemləri İstismar Sahəsinin rəhbərləri çıxış etmişlər. Kommunal xidməti təşkilatlarının rəhbərləri çıxışlarında 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunu ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumat vermişlər.
İclasda rayon təsərrüfatının 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Coşqun Cəbrayılov və Ayaz Hüseynov, Bakı şəhər MKTD-nin rəisi Rəfail Mehralıyev, çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırdılar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu bildirdilər.