Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri Müdafə Nazirliyinin Bərdə korpusunun “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gediblər.
Yenicag.az xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə hərbi hissədə xidmət edən gənclərlə görüşüb, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanıblar. Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Natiq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə əsgərlərimiz üçün böyük konsert proqramı təşkil olunub.
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Nəsimi RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıb.