Nəsimi rayonu 2017-ci ili yüksək nailiyyətlərlə başa vurub

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafına yekun vuruldu. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “ Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyduğu vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edildi.

Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsğərov bildirdi ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib.

Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və ümumi irəliləyişi əks etdirən videohesabat təqdim olunandan sonra Nəsimi RİH-in başçısı Asif Əsgərov 2017-ci ildə sosial-iqtisadi inkişafın əsas göstəricilərini şərh etdi, ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.

Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların Nəsimi rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib. Dövlət başçısı paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rayona hər gəlişi nəsimililərin həyatında əlamətdar hadisəyə çevrilmişdir.

Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılmış, 5059 yeni daimi iş yeri açılmış, ümumilikdə 2003-cü ilin oktyabr ayından 2018-ci il yanvar ayının 1-nədək rayonun müəssisə, idarə və təşkilatları tərəfindən 43510 daimi iş yeri açılmışdır. Оrta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 9,2 % artaraq, 608 manat təşkil etmişdir.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində olub, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib.
Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Ötən tədris ilində rayonun orta məktəblərini 1685 nəfər bitirmiş, onlardan 2 məzun qızıl medala layiq görülmüş, 1206 məzun tələbə adını qazanmışdır. Məzunlardan 24 nəfəri 650-dən çox, 1 nəfəri isə 700 bal toplamış, 234-ü xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar.
Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.

Hesabat göstəricilərinə yekun vuran Nəsimi rayon İcra Hakimiyyətinin Başçısi qeyd etdi ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradıb.

Çıxışlarda nailiyyətlərdən doğan razılıq ifadə olundu, qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açıldı.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev yığıncaqda çıxış etdi, yeni ildə Nəsimililərə daha böyük uğurlar arzuladı.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olundu.

Yekun hesabatda tədbir iştirakçılarına Nəsimi rayonu jurnalı, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən yubilyarlara Nəsimi RİH-in xatirə hədiyyələri təqdim olundu.

COP29