Nəsimi rayonunda 2019-cu ilin ikinci rübünün yekunları müzakirə olundu – FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə ikinci rübün yekunları ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilib. Yığıncaqda rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, sahibkarların, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirə barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilib, nəhəng quruculuq işləri davam etdirilib.
Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin edib.

Kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, süni qiymət artımının qarşısının alınması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH tərəfindən məqsədyönlü işlərin aparıldığı, hal-hazırda rayonda 25 məhəllədə pilot layihə üzrə işlər davam etdirildiyi vurğulanıb.

Rayon ərazisində xidmət təşkilatları və digər podrat qurumları çoxsaylı yenidənqurma, təmir-tikinti, abadlıq, təmizlik və yaşıllaşdırma işlərində yaxından iştirak ediblər.

Əhalinin su, elektrik enerjisi, qaz və istilik təchizatı daim nəzarətdə saxlanılıb, qəzalar dərhal aradan qaldırılıb, xidmətin səviyyəsi yüksəldilib.

Hesabat dövründə rayon üzrə Tədbirlər Planına uyğun olaraq bir sıra tədbirlər keçirilib. Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, 2019-cu ilin fevral ayından başlanmış əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri may ayında uğurla başa çatdırılıb. Aprel döyüşlərinin ildönümü rayonun bütün kollektivlərində qeyd edilmiş, çoxsaylı vətənpərvərlik tədbirləri təşkil olunub. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi, ölkə başçısının 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə bağlı, Faşizm üzərində qələbənin 74-cü ildönümü, 28 may – Respublika günü, 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü, 15 İyun Milli Qurtuluş günü ilə bağlı silsilə tədbirlər keçirilmiş, peşə bayramları, təqvimin əlamətdar günləri də təntənə ilə qeyd edilmiş, ayrı-ayrı sahələrdə fərqlənənlər mükafatlandırılıblar. 26 İyun – Silahlı qüvvələrin yaranması günü münasibəti ilə Nəsimililər ənənəvi olaraq cəbhə xətindəki “N” saylı hərbi hissədə olublar.

Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olublar.

2019-cu ilin ikinci rübü ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

Rayonda 2019-cu ilin ikinci rübü ərzində 12 səyyar qəbul keçirilmiş, 3000-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 102 müraciət dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub. Səyyar qəbullarda iştirak edən sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Fərman və Sərəncamların əhali tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd edərək, Ölkə Başçısına və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

İclasda ƏSMN yanında SMF-nun Nəsimi rayon şöbəsinin müdiri əvəzi İlham Hüseynov, rayon MKTB-nin rəisi Elman Yəhyayev, rayon Sukanal İdarəsinin rəisi Vaqif Cəbrayıllı, “Azərişıq” ASC-nin rayon şöbəsinin rəisi Həbib Əzizov ikinci rübdə görülən işlər barədə çıxışlar ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələrlə bağlı rayonun aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.