Nəsimi rayonunda Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi qeyd edildi – FOTOLAR

 Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Nəsimi rayonunda tədbir keçirilib. 

Yenicag.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin bir qrup əməkdaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını təbrik edib, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıb .

Asif Əsgərov təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır.

Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşmış, Ümummilli Liderin Fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edilmişdir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu ənənələr uğurla davam etdirilir.

Ümummilli lider Heydər Əliyevin çox gənc yaşlarından dövlət təhlükəsizlik orqanlarında xidmətə başlaması onun gələcək həyat yolunu müəyyənləşdirən başlıca amillərdən biridir. Sovet hakimiyyəti dövründə özünün nadir istedadı və fenomenal xüsusiyyətləri sayəsində təhlükəsizlik orqanlarında siravi əməkdaşdan komitə sədri və general-mayor rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı kimi adını tarixə yazdıran Heydər Əliyev həm də müstəqil Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsini təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısıdır.

Ulu öndər daim milli təhlükəsizlik orqanlarının fəaliyyətini diqqətdə saxlayırdı. Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev özünün 23 mart 1997-ci il tarixli sərəncamı ilə ölkəmizdə təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis etmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan bölgənin lider dövləti kimi digər sahələrdə olduğu kimi təhlükəsizlik sistemində də öz layiqli yerini tutur.

Tədbirdə məruzə ilə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi polkovnik İlham Qasımzadə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Tədbirdə “Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin sədr müavini Azər Qarayev və Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin əməkdaşı Azər Hacıyev çıxış edib.

Tədbiri yekunlaşdıran rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlavə edib ki, Prezident İlham Əliyev sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.

Sonra Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və hədiyyələr təqdim olunub.

Tədbirin sonunda Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş film nümayiş etdirilib.