Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir. Respublikada əldə olunan uğurların hər bir bölgədə olduğu kimi Bakının Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapdığını deyən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, prezident İlham Əliyevin rəhbərliyi ilə irimiqyaslı layihələr həyata keçirilib, nəhəng quruculuq işləri aparılıb.
Son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi hissəsində yerləşən Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində diqqətəlayiq uğurlar qazanılmışdır. Ötən ili bütün sahələrdə ciddi nailiyyətlərlə yola salmış nəsimililər ilin birinci rübünün sosial-iqtisadi göstəricilərini də kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırmışlar.
Prezident İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin etmişdir.
Nəsimi rayonunun inkişafına göstərilən daimi himayənin nəticəsidir ki, ilin əvvəlindən rayonun sosial-iqtisadi həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövründəkindən xeyli üstün olmuşdur. Bunu konkret fakt və rəqəmlər də aydın göstərir.
Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılmışdır.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işlər aparır.
Rayon ərazisində müəyyən edilmiş ünvanlar üzrə 32 layihə razılaşdırılmış, 21 layihə üzrə söküntü tikinti işləri aparılır.
Ümimiyyətlə, rayon ərazisində xidmət təşkilatları və digər podrat qurumları çoxsaylı yenidənqurma, təmir-tikinti, abadlıq, təmizlik və yaşıllaşdırma işləri aparmışdır.
Əhalinin su, elektrik enerjisi, qaz və istilik təchizatı daim nəzarətdə saxlanılmış, qəzalar dərhal aradan qaldırılmış, xidmətin səviyyəsi yüksəldilmişdir.
Ərazidəki təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahə müəssisələrinin ahəngdar fəaliyyəti təmin edilmiş, hər sahədə səmərəli iş qurulmasına kömək göstərilmişdir.
Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi, əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmış və hazırda uğurla davam etməkdədir. Bugünədək rayonda 55 mindən artıq sakin pulsuz tibbi müayinədən keçmişdir.
20 Yanvar və Xocalı faciələrinin anım günləri, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, Aprel döyüşlərinin ildönümü rayonun bütün kollektivlərində qeyd edilmiş, çoxsaylı vətənpərvərlik tədbirləri təşkil olunmuşdur. Yeni il və Novruz bayramları münasibətilə silsilə və kütləvi şənliklər keçirilmişdir. Peşə bayramları, təqvimin əlamətdar günləri də təntənə ilə qeyd edilmiş, ayrı-ayrı sahələrdə fərqlənənlər mükafatlandırılmışlar. Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 3 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 4100 nəfərdən artıq olmuşdur.
Nəsimililər ənənəvi olaraq cəbhə xətindəki “N” saylı hərbi hissədə olmuşlar. Sağlam həyat tərzi, əhalinin asudə vaxtının səmərəli təşkili, gənclərin problemləri ilə bağlı bir sıra görüş və müzakirələr də keçirilmişdir. Nəsimi məktəbliləri “Ölkəmizi tanıyaq” tur aksiyasında fəal iştirak etmişlər.
Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmişdi.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
2018-ci ilin 1-ci rübü ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır.
İclasda Nəsimi rayon MKTB-nin rəisi Elman Yəhyayev, ƏSMN yanında SMF-nun Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərov, Nəsimi rayon Sukanal İdarəsinin rəisi İntiqam Tağıyev, “Azərişıq” ASC-nin rayon şöbəsinin rəisi Həbib Əzizov çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.