Nəsimi rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər keçirilir, rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.
21 oktyabr 2017-ci il tarixdə keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak etmişlər. İməclikdə rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində 1000-dən artıq şam və sərv ağacları əkilmiş, 2000-dən artıq ağaca isə quluq edilmişdir. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər təhsil müəssisələrinin həyətyanı sahələrində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir. 21 oktyabr 2017-ci il tarixdə rayonun 4-cü mikrorayon ərazisində yerləşən 147 saylı uşaq bağçası –körpələr evinin və “Qərənfil” uşaq bağçası- körpələr evinin həyətlərində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, müxtəlif növ meyvə ağacları əkilmişdir. Uşaq bağçasının həyətində rəngarəng meyvə və payiz geyimləri geyinmiş uşaqların iştirakı ilə hazırlanmış kompozisyalara baxış keçirilmiş, uşaqların ifasında şən musiqi nömrələri ifa olunmuşdur.
Tədbirdən sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov sakinlərlə görüşərək bildirmişdir ki, son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş miqyaslı quruculuq və abadlıq işləri vüsət almışdır. İDEA İctimai Birliyi tərəfindən ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılaraq “Yaşıl marafon ” layihəsi çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni-yeni yaşıllıq zolaqları salınmışdır. Ağacəkmə aksiyaları ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühum tövhələr verməkdədir. Rayonda aparılan geniş abadlıq – quruculuq işləri haqqında məlumat verilərək görülən işlərin ölkə başçısının tapşırıqlarına uygun olaraq sakinlərin rifahının daha da yuksəldilməsinə yönəldildiyi bildirilmişdir.
Görüş zamanı sakinləri maraqlandıran suallar Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tərəfindən cavablandırılmiş və qaldırılan məsələlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.