Nəsimidə Qarabağ müharibəsi veteranları və əlilləri ilə görüş keçirilib-Foto

 

1470483592_2Avqust ayının 6-da Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev tarixin çox az yetişdirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, hələ sağlığında ölməzlik qazanmış, Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin uzaqgörən və müdrik dövlət xadimi olması artıq tarixin özü tərəfindən təsdiqlənmişdir. O, Azərbaycanın inkişaf və tərəqqisi üçün zəmin yaratmışdır. Heydər Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır, müharibə veteranları, şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusi ilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.

Asif Əsgərov rayonda veteranların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarla əməkdaşlıq edildiyini, rayon veteranlarının məişət problemlərinin aradan qaldırılmasında yaxından köməklik göstərildiyini diqqətə çatdırdı. Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının gənclərə aşılanmasında müharibə veteranlarının da böyük rolu olduğunu vurğulayan A.Əsgərov onlara bütün bu işlərdə uğurlar arzulamış, Nəsimi rayonunda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat vermişdir.
Görüş zamanı Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyevi 50 yaşının taman olması münasibəti ilə təbrik edərək gül dəstəsi və hədiyyə təqdim etmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev xalqımızın, o cümlədən Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. F.Rzaquliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini bildirərək, bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacaqlarını qeyd etmişdir.
Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərova – Mühaibə veteranlarına, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi həssas və qayğıkeş münasibətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin İdarə Heyətinin qərarı ilə Fəxri Fərman təqdim edilmişdir.

Görüşdə çıxış edən Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin sədri İnşallah Babayev dövlət tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmışlar. Veteranlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazır olduqlarını bildirmiş və dövlətimizin başçısının siyasətini hər zaman dəstəklədiklərini bildirmişlər.
Görüş çay süfrəsi arxasında səmimi söhbətlə davam etmişdir.