“İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin order verməsi ictimaiyyətin hüquqi, insani və mənəvi reaksiyasının təcəssümüdür. Çünki dünyada, dinindən, dilindən, irqindən asılı olmayaraq, Qəzzada yaşanan humanitar fəlakətə qarşı beynəlxalq ictimaiyyətin bir reaksiyası mövcud idi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin order verməsi məsələsinə toxunub.
Onun fikrincə, bu formada çıxarılan qərarları, ümumiyyətlə, alqışlamaq lazımdır:
“Çünki, ən azı, bu, hüquqi etirazın formasıdır. Biz özümüz də həmişə işğala, genosidə və qırğına məruz qalmışıq. Hətta bir zamanlar Ulu öndər Heydər Əliyevin ciddi cəhdləri nəticəsində qəbul edilən qərarları, görün, indi necə alqışlayırıq. Çünki bu, bizim gələcək fəaliyyətimiz üçün bir hüquqi əsas yaradırdı. Ona görə də hazırda qəbul edilən bu qərar, əslində, hüquqi, mənəvi, siyasi və insani etirazın təzahürüdür”.
“O ki qaldı onun yerinə yetirilməsinə, sözügedən qərarın bəyan edilməsindən sonra dərhal Donald Trampa yaxın olan dairələr bununla bağlı olaraq ciddi etirazlarını bildirdilər. Hətta bəyan etdilər ki, Beynəlxalq Cinayət Məhkəməsi ilə əlaqədar sərt tədbirlər görəcəklər. Bu, bir daha onu göstərir ki, böyük dövlətlərin geosiyasi maraqları insani faciələrin üzərindədir”, – deyə o, əlavə edib.
Analitik əmindir ki, bu qərarın real bir şəkildə tətbiq edilə biləcəyini ehtimal etmək çətindir:
“Amma dünya siyasətində fors-majorlar olur. Ən azından, İsrail cəmiyyətinin bir qismi belə Netanyahunun siyasi kursu ilə razı deyil və onu günahlandırırlar ki, Qəzzadakı girovların böyük bir qisminin həlak olmasının səbəbkarı odur. Yekunda da kimsə bunun bədəlini ödəməlidir. Ola bilər, böyük dövlətlər öz aralarında qərar verib Netanyahu və Qallantı bu və ya digər şəkildə qurban versinlər, amma, mənə elə gəlir ki, Tramp administrasiyası bu qərara çox ciddi etiraz edəcək. Hər halda, qərarın real tətbiq edilməsi faizi az olsa da, ümumbəşəri dəyərlərin qorunması istiqamətində böyük bir addımdır”.
Rafi Müslümov