İsrailin Baş nazir Benyamin Netanyahu ordunun İrana üçüncü hücum ehtimalına hazırlığını qiymətləndirmək üçün müzakirələr aparıb.
Yenicag.az xəbər verir ki, bu barədə “The Jewish News Syndicate” məlumat yayıb.
“Axios” saytının adı açıqlanmayan mənbələrə istinadən məlumatına görə, İsrailin strateji işlər naziri Ron Dermer noyabrın 10-da Donald Trampla görüşdən yeni seçilmiş prezidentin İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbə endirməsini dəstəkləyəcəyi təəssüratı ilə ayrılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Tramp jurnalistlərin ABŞ-nin İrana zərbə endirməsi ilə bağlı sualına cavabında bunun hərbi strategiya olduğunu deyib: “Mən hərbi strategiyamızla bağlı suala cavab vermirəm. Yalnız axmaq adam buna cavab verər”.
“Channel 12” isə bildirib ki, İran yaxın gələcəkdə İsrailin onun strateji obyektlərinə birbaşa hücumundan ehtiyat edir.
Suriyada Əsəd rejiminin devrilməsindən sonra İranın zəifləmiş mövqeyinin onu gərginliyi azaltmaq üçün diplomatik danışıqlara yoxsa daha böyük enerji ilə nüvə bombası əldə etməyə sövq edəcəyi bəlli deyil.
“Ynet” isə bildirib ki, Mossad direktoru David Barnea Tehranın Yəməndəki proksiləri husilərin İsrailə hücumlarına cavab olaraq İrana zərbə endirilməsinə çağırıb.
İranın İsrailə ilk hücumu keçən il aprelin 13-də olub. İsrail isə iki dəfə oktyabrın 26-da və aprelin 19-da Tehranın hücumlarına cavab olaraq İrana zərbələr endirib.
Analitiklər “The Jewish News Syndicate”a bildiriblər ki, İran rejim dəyişikliyi üçün yetişib və İsrailin hərbi hücumu buna kömək edə bilər./apa