!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nəticə yoxdursa, rektorun cavan, ya qoca olmasının nə əhəmiyyəti var?” – Kamran Əsədov

!Reklam – Yazi

“Biz öncə əmək bazarımızın, daxili ehtiyaclarımızın ödənilməsi üçün kadr hazırlamalıyıq, sonra beynəlxalq rəqabəti düşünməliyik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin müxtəlif sahələrində həyata keçirilən dəyişikliklər fonunda 70 yaş senzinin universitet rektorlarına da şamil edilməsi məsələsinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib:

Kamran Əsədov bildirib ki, hazırda təhsil sahəsində mövcud olan problem kadrlarda yox, sistemsizlikdədir:

“Bu problemlər şəxslərin çıxarılması ilə həll ediləsi məsələ deyil. İlk növbədə həmin sahədə bilgili olan şəxslərə ehtiyacımız var. Ən uzun müddətdə rektor olan şəxslərdən biri Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, digəri isə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimidir. Yaxşı, onlar getdi, əvəzedici kadr varmı?

Digər tərəfdən, islahatların məqsədinə baxmaq lazımdır. Götürək, cavan kadrları. Onlar 3-5 il ərzində işlədiyi müddətdə universitetlərini dünya reytinqində irəlilədə biliblərmi? Hazırladıqları kadrlar əmək bazarına uyğundurmu?

Bu gün Azərbaycanın 50-dən çox təhsil müəssəsində 164 min tələbə təhsil alır. Onların 4 ildən sonra yalnız 2 faizi işləyə bilir. Bizim universitetlərimizin keyfiyyət faizi 50-nin altındadır.

Son 5-6 il ərzində 10-a yaxın rektor dəyişib. Baxaq, görək, rektorlar dəyişəndən sonra hansısa fərq olubmu? Həmin universitetin məzunlarının əmək bazarında hazırlıq qabiliyyəti artıbmı? Belə bir fərq yoxdur.

Pedoqoji universitetin, Dillər Universitetinin məzunlarının, müəllimlərin işə qəbulundakı göstəriciləri o vaxt da aşağı idi, indi də. Demək ki, şəxslər gələndən sonra özlərinin qaydalarını qoymamalıdırlar. Dövlət qarşısında öhdəlikləri olmalıdır.

Təzə rektorlar təyin olunmazdan əvvəl universitetlərimiz dünya reytinqində yox idi, indi də yoxdur. Fərq yaranmayandan sonra elə köhnələr yerində qalsın da… Məsələ şəxslərdə deyil, sistemsizlikdədir.

Biz deyirik ki, 10-11-ci sinif şagirdləri birmənalı olaraq, məktəblərə getmirlər. Bu, əslində, bir gün ərzində həll olunası problemdir. Universitetlərimiz dünya reytinqində yoxdursa, bu da 6 aya düzələsi problemdir. Universitetlərimiz əmək bazarının tələblərinə cavab verəcək kadr hazırlamırsa, bunu da 1 ilə yoluna qoymaq olar.

Ancaq o rektorlar 5 ildir işləyirlər, ortada isə heç bir nəticə yoxdur. İslahat istəyirlərsə, konkret islahat proqramı olmalıdır. Bizim təhsilin bütün pillələri ilə bağlı təkliflər paketimiz var. Onları həyata keçirməyi təklif edirik.

Bir rektorun neçə il vəzifədə qalmasının heç bir əhəmiyyəti yoxdur. Dünyanın məhşur universitetlərinin rektorları uzun illərdir, o postu tuturlar. Onların hədəfləri var, məqsədləri var. Onlar planlaşdırırlar ki, 2020 və ya 2030-cu ildə hansı səviyyədə olmalıdırlar.

Bizdə belə bir konsepsiyası olan rektorlar yoxdur. Konsepsiyası olan şəxslər təhsil müəssisələrinə rəhbər gəlməlidirlər”.

Kamran Əsədov qeyd edib ki, əsas hədəf əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasıdır:

“Bu gün ingilis dilindən məzun olanlarımızın bir çoxu o dili doğru-düzgün bilmir. Xatırlayırsınızsa, Dillər Universitetində tələbələr mitinq etmişdilər. Sözləri düzgün yaza bilmirdilər.

Biz öncə əmək bazarımızın, daxili ehtiyaclarımızın ödənilməsi üçün kadr hazırlamalıyıq, sonra beynəlxalq rəqabəti düşünməliyik. Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi var, onların böyük əksəriyyəti bazar kimi idarə olunur.

Universitetlər sanki rektorların dükanlarıdır, obyektləridir. Burada necə islahat aparıla bilər? Kadr islahatı ümumi islahatların yalnız 10 faizini təşkil edir, yerdə qalan nisbətə isə məqsəd, hədəf və strategiya daxildir”.

Səxavət Məmməd

www.yenicag.az

3972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv