Nəvəsini öldürən baba danışdı – Qətlin təfərrüatları

unn44ededBir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəbləri barədə açıqlama verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Ağdam rayon sakini, 71 yaşlı Rafiq Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirib. İstintaqa ifadə verən Rafiq Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib. O, yeniyetmə nəvəsi Tural Bayramova evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə onu danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rafiq Bayramov əlini qana bulamalı olub.

Hadisədən sonra nəvəsinin meyitini parçaya bükərək çarpayının altında gizlədən baba yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit isə bir neçə gün orada qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar. Yenidən Bakıya qayıdan Rafiq Bayramov isə evdə özünü heç nədən xəbərsiz kimi aparıb. Sonra isə nəvəsinin meyitini maşınına mindirərək Ağdamda basdırmağa aparıb.

Hadisədən xəbər tutan Binəqədi polis və prokurorluq əməkdaşları dərhal rayona gedərək Rafiq Bayramovu cinayəti törətməkdə şübhəli bilinən şəxs qismində saxlayıblar. Meyit qəbirdən çıxarılaraq ekspertizaya göndərilib. Dindirmə zamanı Rafiq Bayramov əməli tək törətdiyini və səbəbin isə söyüş olduğunu deyib.

Bəzi informasiya agentliklərində və sosial şəbəkələrdə hadisənin namus üstündə baş verdiyi barədə məlumat yayılmışdı. Bu məqsədlə mərhumun nənəsi Güllü Bayramovanın da fikirlərini öyrənməyə çalışdıq. Yaşlı qadın hadisənin namusla heç bir əlaqəsinin olmadığını bildirib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam edir.