Nəvəsini quyuya atan nənə: “Hamı körpənin cinlər tərəfindən öldürüldüyünə inanacaq”

Lənkəranda 6 günlük nəvəsini öldürdüyünə görə saxlanılan Atifə Nurullayevanın istintaqa verdiyi ifadə məlum olub.

“Report”un Cənub bürosunun verdiyi məlumata görə, hadisədən bir neçə saat əvvəl qadınlar altıaxşam (ritual: ad qoyma) mərasimi keçirirmişlər.

Bu mərasimə görə yeni doğulan körpənin ətrafına bıçaq, iynə, sancaq düzülür. İnanclara görə, bu, ondan ötrü edilir ki, cinlər körpəyə yaxın gəlməsin. Bundan başqa, həmin gecə “körpənin cindən qorunması üçün” onun yanında böyük adam da qalır. Həmin gecə 6 günlük Mələk Nurullayevanın yanında anası və nənəsi qalıb. Sübh tezdən ana körpəni yedizdirib beşiyinə qoyub. Hadisə də bundan sonra, təxminən səhər saat 4-6 arasında baş verib. Nənə A.Nurullayeva iynələri və sancaqları körpə qızın bədəninə sancıb. Dediyinə görə, o, bu hərəkəti cinlərin üstünə ata biləcəyini düşünüb.

“Mən ikinci qız istəmirdim, oğlumun oğlu olmasını istəyirdim. Düşündüm ki, hamı körpənin cinlər tərəfindən öldürüldüyünə inanacaq. Sonra bu fikrimdən daşındım. Fikirləşdim ki, birdən inanmazlar. Ona görə də körpəni götürüb su quyusuna atdım”, – A.Nurullayeva istintaqa ifadəsində bildirib.

Qeyd edək ki, hadisə ilə bağlı DİN iyulun 31-də rəsmi məlumat yayıb. Rəsmi məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan körpə qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

***

Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürülərək quyuya atıldığı məlum olub.

Yenicag.az xəbər verir ki, “Report”un Cənub bürosunun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, körpənin nənəsi Atifə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.

A.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. O, etdiyi cinayətə səbəb kimi ailənin ikinci övladının da qız olmasını göstərib.

A.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalası olub.

Qeyd edək ki, hadisə ilə bağlı DİN də rəsmi məlumat yayıb. Rəsmi məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Yenicag.az