“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hələ də imzalanmamasında bu iki ölkənin necə rol oynadığı da hər kəsə bəllidir”.
Bu fikirləri ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların səmərəliliyi haqda sözlərinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, nizamlama prosesinə nəzarət uğrunda mübarizə aparan ABŞ və Rusiyadan bu məzmunda verilən açıqlamalar səmimi deyil:
“Azərbaycanla Ermənistan arasında vasitəçilərin iştirakı olmadan danışıqların aparılmasının prosesə təkan verəcəyinə dair yanaşmalar yeni deyil. O baxımdan, ABŞ rəsmisinin bu fikirlərində “ura” ilə qarşılanacaq heç nə yoxdur.
Xatırladım ki, Rusiya rəsmiləri də Bakı ilə İrəvan arasında birbaşa danışıqların aparılmasını alqışlayan bəyanatlar veriblər. Moskvadan ifadə olunan bu mövqe də mahiyyətcə Vaşinqtondan səsləndirilən bəyanatlardan fərqlənmir.
Amma gəlin baxaq, istər ABŞ, istərsə də Rusiya bu mövqelərində nə qədər səmimidirlər. Tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkələrin fəaliyyətinin nəyə yönəldiyini, arxasında hansı məqsədlərin dayandığını bilirik.
Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hələ də imzalanmamasında bu iki ölkənin necə rol oynadığı da hər kəsə bəllidir. Moskva da, Vaşinqton da sülh müqaviləsinin ayrı-ayrılıqda məhz onların şərtləri əsasında hazırlanmasına çalışırlar.
Ona görə də bu məzmunlu bəyanatların səmimiliyinə inanmaq çətindir. Ən yaxşısı, ABŞ və Rusiya regionda sülhün yaranmasında maraqlıdırsa, o zaman sözdə pozitiv bəyanatlar verməkdənsə, kənara çəkilsinlər və prosesə mane olmasınlar”.
Nəsimi Ələsgərli