“Hər adam bu sənətin ağırlığına tab gətirə bilmir. Qazanc əldə etmək üçün ucuz yollara əl atırlar. Bu məndə təəssüf hissi doğurur. Yolunuzu azmayın, özünüzü hörmətdən salmayın”.
Bunu tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi muğam sənəti ilə məşğul olanların hər zaman davranışlarına diqqət etmələrini məsləhət görüb:
“Efir özü bir mədəniyyətdir. Tamaşaçı efirə baxıb zövq almalıdır, əsəb keçirməli deyil. Bəzən baxırsan, sənət adamıdır, çıxıb verilişdə dedi-qodu edir, qalmaqal yaradır, onun-bunun dalınca danışır. Lazım deyil belə şeylər, çünki şou sənətkar üçün deyil. Əsil sənəti olan insan sənəti ilə gündəm yaratmalıdır, şou ilə deyil. Söhbət həm muğam ifaçılarından gedir, həm də, ümumiyyətlə, sənət adamlarından. Xanəndələr xüsusilə qalmaqaldan uzaq durmalıdır. İstər kişi, istərsə də qadın xanəndələr geyimindən tutmuş, səhnə mədəniyyətinə qədər fərqlənməlidir. Tərbiyə, əxlaq çox önəmlidir. Xüsusən üzümü gənc xanəndələrə tutmaq istəyirəm. Dövlət sizin üçün əziyyət çəkir, muğam müsabiqələri təşkil edir, sizə yaşıl işıq yandırır. Ələnib, ələnib seçilən gənc xanəndələr məşhurlaşandan sonra bəzən bu ağır sənət yolunda tab gətirmir. Bir də görürsən, toylarda pul qazanmaq üçün yolunu azır, ucuz şou arxasınca qaçır, qalmaqala qatılır. Mən heç vaxt onları belə vəziyyətdə görmək istəmirəm. Sənətinizlə reklam olunun, sənətinizlə məşhurlaşın. Biz sənətkarlarımızı belə görmüşük, onların yolunu da bu gün davam etdiririk”.
Cəvahir