“Nəzarətsizlik Azərbaycanda səhiyyə sistemini iflasa uğradıb”

Xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilib.

Xəstəxanaların idarəetməsinin dəyişdirilməsi ilə bağlı ixtisasca məhkəmə-tibbi eksperti olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlama verib.

İdarəetmənin prinsiplərindən danışan Sərdar Cəlaloğlu bildirib ki, səlahiyyət və vəzifə bölgüsü düzgün aparılmalıdır:

“İdarəetmədə iki prinsip var: sahə və ərazi prinsipi. Sahə prinsipi odur ki, insanlar öz peşəsini, ixtisasına görə yalnız şaquli xətt üzrə tabe olmalıdırlar. Yəni, bütün xəstəxanalar həkimlik fəaliyyətinə görə, səhiyyə işinin təşkilinə görə Səhiyyə Nazirliyinə tabe olmalıdır. Ərazi prinsipinə uyğun olaraq, yəni, üfiqi xətt üzrə onlar yerli idarəetmə orqanlarına tabe olmalıdırlar. Çünki yerli idarəetmə onların fəaliyyətini təmin etməlidir – bina verməlidir, şərait yaratmalıdır. İcra başçısı gəlib səhiyyə işinin təşkili ilə bağlı göstəriş verə bilməz, Səhiyyə Nazirliyi də gəlib hansısa rayonun ərazisində özbaşına xəstəxana tikə bilməz. Bu baxımdan səlahiyyət və vəzifə bölgülərini düzgün aparmaq şərti ilə ikili idarəçilik mütləq tətbiq olunmalıdır”.

Azərbaycanda tibb sahəsindəki vəziyyətə gəldikdə isə Sərdar Cəlaloğlu bunları deyib:

“Azərbaycanda özəl tibb sektorunun fəaliyyəti dövlət nəzarətindən kənardadır. Dövlət xəstəxanasında dövlət büdcəsindən vətəndaşlara ayrılan səhiyyə xərcləri ilə özəl sektorda səhiyyə xərclərini müqayisə etsək, görəcəyik ki, 1-in 100 minə fərq var. Dövlət hər bir vətəndaşa ildə 30 manat səhiyyə xərci ayırır, ancaq vətəndaş özəl xəstəxanaya bir dəfə getməklə dövlətin ömür boyu ayırdığı xərcdən çox məsrəf edir. Tibb sahəsinə həm üfiqi, həm də şaquli nəzarətin aşağı olması Azərbaycanda səhiyyə sistemini iflas həddinə gətirib çıxarıb. Səhiyyə Nazirliyi həkimlərin ixtisaslaşması üzərində, yeni elmi biliklərin əldə edilməsi üzərində açıq aydın metodik iş aparmır. Həkimlərin çoxu elmi yenilikləri şəxsi qaydada əldə edirlər. Halbuki, kurslar, seminarlar keçirilməlidir. Mümkün qədər həkimlər ixtisaslaşdırılmalıdır, həkimlərimiz xaricə göndərilməlidir.

Bizdə isə xaricdən həkim gətirib, günəmuzd işlədirlər. Halbuki bizim həkimlərin xaricdə, xarici həkimlərin burada təcrübə keçməsi ilə yerli kadrların hazırlanmasına nail olmaq olardı. Ancaq xaricdən günəmuzd həkimlərin gətirilməsi bir tərəfdən yerli kadrların hazırlanmasına mane olur, digər tərəfdən də Dövlət büdcəsindən milyonlarla pul xarici həkimlərin cibinə axır. Səhiyyə sahəsində də korrupsiyanın, rüşvətin olması səhiyyə sahəsinin səviyyəsini aşağı salıb. Həkimlər xəstəyə Hipokrat andındakı kimi sadəcə müalicə etmək niyyəti ilə yanaşmır, xəstədən nəsə qazanmaq niyyəti ilə yaxınlaşırlar. Bu da çox böyük maddi sıxıntılar çəkən insanların müalicə olunmasına mane olur. İnsanlar maddi imkansızlıqdan ölümün öhdəsinə buraxılır. Azərbaycan səhiyyəsində vəziyyət acınacaqlıdır. Səhiyyənin yeganə problemi xəstəxanaları aşağı strukturlara tabe etmək deyil. İdarəetmənin özünün keyfiyyəti aşağıdır”.

Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Səxavət Məmməd

COP29