“Nəzir qutusu”nda şəffaflıq problemi – Sədəqə terminalına ehtiyac var?

Qazaxıstanın Aktobe şəhərində məscidlərdən birinin qarşısında sədəqə salmaq üçün terminal quraşdırılıb.

Sakinlər elektron terminal vasitəsi ilə ödəniş edir və hesaba pul köçürülməsi ilə bağlı istifadəçiyə məlumat verilir. Quraşdırılan cihaz audit komitəsi tərəfindən də izlənilir.

Azərbaycanda məscidlər və pirlərin qarşısında sədəqə qutuları mövcuddur. Oraya yığılan sədəqələr haqqında hər il hesabat verilir, ancaq “qara qutu”ya nə qədər sədəqə atılır və hesabatda nə qədəri əks olunur, bunu heç kim bilmir.

Sədəqə terminalı təcrübəsindən Azərbaycanda yararlanmaq olarmı?

Bu suala ilahiyyatçılar Elşad Miri və Yaşar Qurbanov Yenicag.az-da cavab veriblər.

Elşad Miri bildirib ki, şəffaflıq üçün bu cür təcrübənin Azərbaycanda da istifadə edilməsinin tərəfdarıdır:

“Sədəqə terminalları təkcə Qazaxıstanda yox, bir çox ölkələrdə mövcuddur. Türkiyədə sədəqə vermək istəyən şəxs məscidlərin qarşısına gedir və onlara mədaxil qəbzləri verir. Onun qarşılığında da xərclərlə bağlı hesabat verirlər. Şəffaflığı təmin etmək üçün gözəl bir addımdır. Bu gün pirlərə, ocaqlara bu cür terminalın quraşdırılması şəffaflığı təmin edəcək. Bundan istifadə edilsə, yığılan pulların hara və necə getdiyini də cəmiyyət bilər”.

İlahiyyatçı vurğulayıb ki, Allahşükür Paşazadə və dindarların buna icazə verəcəyinə inanmır:

“Dövlət bizim verdiyimiz vergilərdən mollalara təbliğ fondu vasitəsi ilə hər ay maaş ödəyir, maşın verir. Ancaq orada yığılan pulların dəqiq hesabatı aparılarsa, dövlət bu addımları atmaz. Dövlət əksinə ianələrlə bağlı qanunu dəyişib, onlardan vergi də alar”.

Elşad Miridən fərqli olaraq Yaşar Qurbanov sədəqə terminallarına qarşı çıxıb.

Yaşar Qurbanov qeyd edib ki, bu məsələyə Qafqaz Müsəlmanları İdarəsi baxmalıdır:

“Bir çox insanlar verdiyi sədəqənin bilinməyini istəmir. O, bu addımı Allah üçün atır. İnsanlar sədəqəni gizlin şəkildə verirlər. Dini baxımdan bu doğru sayılmır. Hər ölkənin öz milli dəyərləri var. Ona görə də buna dövlət qərar verməlidir”.

Qeyd edək ki, ötən il “İslam həmrəyliyi və media” konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QMİ-ə ziyarətgahlarda toplanan vəsait açılarkən prosesdə media nümayəndələrinin də iştirak etməsini təklif etmişdi. Ancaq təklif, təklif olaraq da qalmışdı.

Səxavət Məmməd

 

COP29